Bu gün dünya miqyasında nüfuz və çəkisinə görə Azərbaycan və Ermənistanın bir-birindən kifayət qədər fərqlənməsi, müxtəlif mövqelərdə dayanması özünü olduqca qabarıq şəkildə büruzə verir. Azərbaycan beynəlxalq miqyasda sayılıb-seçilən, mövqeyi, proseslərə yanaşması mütləq şəkildə nəzərə alınan dövlətdirsə, Ermənistan bunun tam əksidir. Elə bundan irəli gəlir ki, ötən illər ərzində Azərbaycanla əməkdaşlığa can atan, mövcud əməkdaşlığı daha da dərinləşdirmək istəyən ölkələrin sayı yüksəldiyi halda, yenə də Ermənistanda bunun əksi qeydə alınır.
Proseslərin bu səpkidə inkişafında ölkələrə rəhbərlik edən şəxslərin dünyada nüfuz və çəkisinin də rolu kifayət qədərdir. İstər ümumilli lider Heydər Əliyev, istərsə də onun davamçısı Prezident İlham Əliyevə dünya miqyasda hər zaman xüsusi hörmət və diqqət olubsa, Ermənistan rəhbərləri barədə bunu söyləmək olmaz. 2003, 2008, 2013, eləcə də 2018-ci ildə İlham Əliyevin prezident seçilməsi münasibətilə dünya dövlət rəhbərləri tərəfindən dərhal göndərilən təbrik məktublarına nəzər salanda çox maraqlı mənzərə üzə çıxır. Əvvəla, buradan aydın görünür ki, təbriklər demək olar, dünyanın bütün ölkələri, o cümlədən ABŞ, Rusiya, Çin, Avropanın ən nüfuzlu dövlətləri və aparıcı təşkilatlarından heç seçkilərdən bir həftə keçməyən qısa müddətdə gəlib. Həmin təbrik məktublarında Azərbaycanın hərtərəfli nailiyyətləri, cəmiyyətin rifahının yüksəlməsi və iqtisadiyyatın dinamik inkişafı, dövlətçiliyinin və dünyada nüfuzunun getdikcə artması xüsusi vurğulanır. Çoxsaylı təbrik məktublarının, demək olar ki, hamısında Prezident İlham Əliyevin təcrübəli və uzaqgörən dövlət xadimi kimi beynəlxalq aləmdə yüksək nüfuza sahib olduğu, onun fəaliyyətinin Azərbaycanın gələcək uğurlu tərəqqisinə, cəmiyyətin sürətli inkişafına və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə yönəldiyi xüsusi qeyd edilir. Azərbaycan Prezidentini həm Qərbdə, beynəlxalq təşkilatlarda, həm də MDB məkanında böyük hörmətlə qarşılayır, onunla əməkdaşlığa ciddi diqqət yetirirlər.
Ermənistana nəzər saldıqda başqa bir mənzərə görmək olar. Məsələn, hazırda həbsdə olan Robert Köçəryan prezident seçildiyi müddətdə Qərb ölkələrindən, xüsusən də Avropa İttifaqından, Çin, Hindistan kimi nəhəng ölkələrdən ən yüksək rəhbərlik səviyyəsində təbrik almayıb. Onun xələfi Serj Sarkisyan da eyni aqibətlə üzləşib və bu, Ermənistanın zəif nüfuzu ilə izah olunub. Nikol Paşinyan isə sələflərinə nisbətən daha pis nəticə göstərib. Məsələn, Rusiya prezidenti Vladimir Putin Ermənistanda keçirilən seçkidə qələbə qazanan Nikol Paşinyanı hələ də təbrik etməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova buna unikal formada aydınlıq gətirib. Zaxarova erməni mediasının bu yöndə sualına cavab olaraq deyib: “Mənə elə gəlir ki, bu, sənə dəfələrlə etiraf etdiyini bilə-bilə, kişidən onu sevib-sevmədiyini soruşmağa bənzəyir”.
"Tert.am" saytının əməkdaşının “Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına Zaxarova deyib: “Mən artıq bu suala cavab verdim”. Qeyd edək ki, N.Paşinyanı V.Putinlə bərabər KTMT müttəfiqlərinin heç biri təbrik etməyib. Maraqlıdır ki, Paşinyanın artıq Qərbdən təbriklər aldığı haqda məlumat yayılıb. Bunlar Almaniya kansleri, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Mayn Kosyaniç, Avropa İttifaqının genişlənmə üzrə komissarı Yohannes Han, Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerini, ABŞ Dövlət Departamenti, Gürcüstan prezidenti və Livan baş naziridir. Göründüyü kimi, b siyahı elə də geniş deyil və yəqin ki, bundan sonra Paşinyan ən yaxşı halda 2-3 təbrik alacaq. Elə bu da Ermənistana dünya miqyasında çox aşağı səviyyədə münasibət göstərildiyinin real təzahürüdür.
Tahir TAĞIYEV