Bu ilin aprelində Ermənistanda baş verən “məxməri inqilab”dan sonra bu ölkə ilə Rusiya arasında münasibətlərdə əməllicə soyuqluq yaşanır. İlk vaxtlar bu gizli müstəvidə davam edirdisə, bəlli bir müddətdən sonra münasibətlərdə yaranan qırılma açıq formada özünü göstərməyə başladı. Xüsusən də Robert Köçəryanın birinci dəfə həbs olunması zamanı aydın oldu ki, tərəflər arasında ciddi ziddiyətlər yaşanır.
O da məlumdur ki, bu günlərdə Gümrüdə guya rus hərbçisi tərəfindən erməni qadının öldürülməsi Ermənistanda birmənalı qarşılanmayıb. Yəni bu, sıradan bir kriminal hadisəsi kimi qəbul olunmur və bu səbəbdan məlum hadisə ictimayətin narazılığına səbəb olub. Diqqətçəkən məqam odur ki, məhz parlament seçkilərindən sonra sözügedən hadisə ilə bağlı Paşinyana və Rusiyaya yönəlik tənqidlər erməni mətbuatında hər keçən gün daha da güclənir. Paşinyana yönəlik tənqidlərin motivində o dayanır ki, Rusiya qoşunlarının ölkədən çıxarılmasına qərar versin. Bu məsələdə Paşinyanın ortaya mövqe qoymaması da ciddi tənqid hədəfinə çevrilib.
Rusiyaya yönəlik tənqidlərə gəldikdə isə, bunu onunla əsaslandırırlar ki, Rusiya hərbi bazasının rəhbərliyi həmin hərbçini Ermənistanə təhvil verməyib. Bu da bəzi erməniləri bərk hiddətləndirib. Onlar iddia edirlər ki, Ermənistanla Rusiya arasında 1995-1997-ci illərdə ölkədəki hərbi bazalarla bağlı imzalanan müqavilələrə görə, bu kimi kriminal hadisələr baş verəndə bunu Ermənistan hüquq-mühafizə orqanları araşdırmalıdır. Həmçinin cəzalandırma ilə bağlı qərarı da onlar verməlidir. Ancaq sözügedən hərbçinin təhvil verilməməsi erməni mətbuatında Rusiyaya yönəlik tənqidləri bir az da artırır. Bu da iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin bundan sonra daha da pisləşəcəyindən xəbər verir.
Paşinyanla bağlı tənqidlərin məhz seçkilərdən sonra olması da təsadüf deyil. Çox güman ki, Paşinyan Rusiya bazalarını ölkədən çıxarmaqla bağlı məqsədyönlü şəkildə ictimai rəyi bu yöndə kökləyir. Necə deyərlər, buna zəmin yaradır. Sabah desin ki, ölkə ictimayəti Rusiya bazalarının ölkədən çıxarılmasını məndən tələb edir...
Vidadi ORDAHALLI