Ermənistanın hakimiyyətə yaxın olan siyasi dairələri və media quruluşlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyaya qarşı cidi antitəbliğata start verilib. Buna səbəb kimi Ermənistanda keçirilən son parlament seçkilərinin nəticəsinə görə qalib elan olunan Nikol Paşinyanın həmin qurumda təmsil olunan ölkələr tərəfindən təbrik edilməməsi göstərilir.
Sözügedən təbliğat çərçivəsində Ermənistan rəhbərliyindən KTMT-də olan ölkələr və xüsusilə də Rusiya ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi tələb edilir. Həmçinin, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və KTMT-dəki üzvlüyünə xitam verməsi kimi tələblər səsləndirilir. Aydındır ki, bütün bu proseslərin arxasında Paşinyanın şəxsən özü durur. O, bu üsulla Rusiyanı və KTMT-ni şantaj edib, öz istəyinə tabe etdirməyi hədəfləyir. Çünki bir müddət əvvəl Paşinyan açıq mətnlə bəyan etmişdi ki, onlar KTMT-də müttəfiqlərinin Ermənistana bəslədiyi münasibətdən razı deyillər. Aydın şəkildə görünür ki, Paşinyan Ermənistanın daxilində öz siyasi rəqiblərinə qarşı tətbiq etdiyi təzyiq, şantaj metodlarından xarici siyasət kursunda da bəhrələnmək istəyir. Bir sözlə, bu cür üsullarla özünü zorla təbrik etdirmək və Ermənistana alicənab davranışın bəslənməsinə nail olmağı hədəf seçib. Hadisələrin bu istiqamətdə gedişi Ermənistanın Rusiya və digər KTMT ölkələri ilə münasibətlərinin ciddi şəkildə pisləşəcəyini söyləməyə əsas verir. Çünki həmin ölkələr elə də zəif deyilər ki, Ermənistanın daxilində süni şəkildə Paşinyanın diqtəsi ilə yaradılan ictimai rəyin təsirinə düşüb öz siyasətlərini müəyyən etsinlər. Yaxın gələcəkdə biz bu gərginləşmə amillərini KTMT-Ermənistan və xüsusilə də Rusiya–Ermənistan münasibətlərində görəcəyik.
Məhəmmədəli QƏRİBLİ