Daşdəmir Əliyev: “Əldə olunan nəticənin ilk növbədə Avropanın qlobal təhlükəsizliyi üçün böyük önəmi var”
Məlum olduğu kimi, dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Avropa və qlobal təhlükəsizlik sahəsində fikir mübadiləsi aparılıb. V.Gerasimov NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərbi mövcudluğunun artdığını qeyd edərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını diqqətə çatdırıb. Tərəflər arasında keçirilən görüşün nəticəsindən, xüsusilə də Avropada qlobal təhlükəsizliyin təmin olunması sahəsində aparılan müzakirələrdən nə gözləmək olar?
Hərbi ekspert Daşdəmir Əliyevin sözlərinə görə, Rusiya ilə NATO rəsmilərinin görüşünün Bakıda keçirilməsi mövzuya bizim diqqətimizi daha çox fokuslamağımızla nəticələnib: “Əvvəla bu bir xoş haldır ki, bu cür mühüm görüşlə bağlı etibar olunan məkan kimi Azərbaycan seçilir. Artıq bu miqyasda bir neçə görüşün məhz Bakıda keçirilməsi Azərbaycana olan yüksək ehtiram və diqqətin göstəricisidir. Görüşün detalları ilə bağlı geniş məlumat verilməsə də, bəllidir ki, müzakirə mövzusu Avropa qitəsində qlobal təhlükəsizliyin təminatı və bu istiqamətdə tərəfləri narahat edən məsələ ətrafında olub.
Təsadüfi deyil ki, Gerasimiovun bu görüşdəki tərəf müqabili NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı olub. Bəllidir ki, Rusiya və NATO dünyanın güc balansını təmsil edən mühüm tərəflərdir. Onlar arasında hər zaman ziddiyyət və rəqabət olub. Tərəflər arasındakı münasibətlərin kəskinləşməsi və bir qədər açıq müstəviyə sirayət etməsi Rusiyanın Krımı özünə birləşdirməsindən sonra daha da kəskinləşib. Buna cavab olaraq NATO Şərqə doğru genişlənmə planını artırır. Bu da özünü Rusiya sərhədlərinə yaxın ərazidə daha aydın şəkildə büruzə verir. Aydındır ki, Rusiya da buna seyrçi qalmır. Moskva sərhədlərə yaxın ərazilərdə öz silahlı qüvvələrini gücləndirməklə cavab verir. Yəni bütün Şərqi Avropa boyu – Baltik dənizində, Qara dənizdə, eyni zamanda, münaqişə bölgələrində gərginlik artır. Buna görə də tərəflər zaman-zaman bu cür görüşlər keçirmək ehtiyacı hiss edirlər. Burda başlıca məqsəd gərginliyi aşağı salmaqdır. Xüsusən NATO ilə Rusiya arasında Qara dənizdə və Baltik dənizində, eyni zamanda, beynəlxalq sularda və beynəlxalq hava məkanında zaman-zaman qarşılaşmalar, müəyyən gərginliklər olur. Bu yaxınlarda Qara dənizdə Rusiya ilə Ukrayna arasında baş verən insidenti də buna misal göstərmək olar. Bu görüşdə başlıca məqsəd baş verə biləcək təhlükəli insidentlərin qarşısının alınması olub. Bu baxımdan da hesab edirəm ki, tərəflər qarşılqlı güzəşlərə getməklə bir sıra məsələlərdə razılığa gələ biliblər. Əldə olunan nəticənin ilk növbədə Avropanın qlobal təhlükəsizliyi üçün böyük önəmi var”.
Məhəmmədəli QƏRİBLİ