Şəmsəddin Əliyev: “Bu, Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasətini formalaşdırmasının və onu həyata keçirməsinin təzahürüdür”
Dünya ölkələri təhlükəsiz yaşamaq baxımından bir neçə yerə bölünürlər: tam təhükəsizdən çox təhlükəliyədək. Müharibə meydanına çevrilmiş Yəmən, Əfqanıstan, Suriya və digərlərini sonunculara aid etmək olar. Birincilər sırasında isə ilk növbədə Şimali Avropa ölkələri qeyd olunmalıdır.
Bəzi hallarda isə ölkədə müharibə olmasa da, orada yaşayış təhlükəlidir. “Gallup” institutu dünyanın ən təhlükəli və təhlükəsiz ölkələrini müəyyən edib. Belə ki, “Gallup” institutu 2017-ci ilə dair məlumatlara əsasən, 2018-ci il hesabatını təqdim edib. Məlum olub ki, Sinqapur 97-ci yerdə olmaqla dünyanın ən təhlükəsiz ölkəsi hesab olunur. Sıralamada Azərbaycanın mövqeyi 85-ci yerdədir. Ermənistan 78-ci yerdə olmaqla Azərbaycanla müqayisədə aşağı mövqedədir.
Bundan başqa, Azərbaycan öz reytinqini üç mövqedə yaxşılaşdırıb və "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub. Bu barədə məlumat isə dünya iqtisadiyyatı institutunun təqdim etdiyi hesabatda əks olunub. Mövcud reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu göstərir ki, ölkədə, praktiki olaraq, terror təhlükəsi yoxdur. Azərbaycan bu göstəriciyə əsasən regionda liderə çevrilib.
Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb.
Azərbaycanın regionda və dünyanın ən təhlükəsiz ölkələr siyahısında üstün mövqedə olması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təzahürüdür. Bunu ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər, mühüm idman yarışları olan İslam Oyunları, Avropa Oyunları və digər turnirlərin Azərbaycanda keçirilməsi bir daha sübut edir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, dünya miqyasında nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanı ən təhlükəsiz ölkələrdən biri hesab etməsi təsadüfi deyil: “Bu, mərhum prezident Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik islahatlarla bağlıdır. Həmin islahatlar bu gün də qurucu dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Bütün sahələrdə, o cümlədən hüquqi sahədə uğurlu islahatlar həyata keçirilir. Ölkədə bütün azadlıqlar qorunur. Ölkədə dayanıqlı, davamlı sabitlik olmasa, istər əcnəbi, istərsə də ölkə vətəndaşlarının təhlükəsizliyi lazımi səviyyədə təmin olunmasa, bunların heç birinə nail ola bilməzdik. Məsələ ondadır ki, sabitlik olmayan ölkədə nə islahatlar, nə də digər vacib olan işləri həyata keçirmək mümkün olmayacaq. Bütün bunların hamısının mərkəzində sabitliyin və təhlükəsizliyin təminatı dayanır. Bu, Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasətini formalaşdırmasının və onu həyata keçirməsinin təzahürüdür. Yəni bunların hər ikisi bir-birilə vəhdət təşkil edir. Əbəs yerə deyil ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr də sərmayəni məhz belə dövlətlərə qoyurlar. Harda sabitlik varsa, orada sərmayə qoymaq üçün də münbit şərait var. Bu baxımdan hesab edirəm ki, qeyd olunan yüksək göstəricilər Azərbaycan dövlətinin qazandığı nailiyyətlərdir. O üzdən, Azərbaycanla bağlı göstəricilərin daha da yaxşılaşması müsbət haldır. Nəzərə almaq lazımdır ki, əldə olunan sabitlik sayəsində Azərbaycan bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edir”.
Vidadi ORDAHALLI