Qabil Hüseynli: “Moskva həmin ölkənin NATO-ya üzv olmaması üçün bacardığı yerə qədər dirəniş göstərəcək”
Rusiya Xarici İşlər Nazirliyi NATO Baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Mayk Pompeonun bir müddət öncə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən açıqlamalarına reaksiya verib.
Rəsmi Moskvanın adından yayılan bəyanatda ABŞ və NATO-nun həmin addımı provokasiya kimi qeyd edilib: "Belə məsuliyyətsiz bəyanatlar 2008-ci ilin avqustunda Tiflisi cinayətkar hərbi avantüraya vadar etdi. Burada əsas narahatlıq yaradan məqam ABŞ və NATO-nun Gürcüstan ərazisində hərbi fəaliyyətidir. Gürcüstan tərəfini yad maraqların öncülü olmaq yerinə qonşularıyla münasibətləri yoluna qoymağa cəhd etməyə çağırırıq".
Göründüyü kimi, Moskva Gürcüstanın NATO-ya ciddi şəkildə meyllənməsindən ciddi narahatlığını açıq formada ifadə edib. Rusiyanın Gürcüstan-NATO münasibətlərinin dərinləşməsinə dair verdiyi bu sərt açıqlamanı necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin gərginləşməsi məhz NATO məsələsinə görə olub: “Fikir verirsinizsə, Rusiyanın son bəyanatında da 2008-ci ildə Gürcüstanın NATO və ABŞ-ın avantürasıına uyduğu kimi bir qeyd var. Aydındır ki, Rusiya onunla alternativ olan NATO kimi hərbi blokun onun sərhədlərinə bu dərəcədə yaxınlaşmasını istəmir. Rusiya bu narazılığını hər zaman gizli deyil, açıq formada bəyan edib. Ancaq qarşı tərəf isə hesab edir ki, burada Rusiyanın müdaxiləsi yersizdir. Bir müddət əvvəl Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi demişdi ki, bu, ölkələrin öz haqqıdır. Rusiyanın Baş naziri Dmitriy Medvedyev isə həmin mövzuya reaksiyasında bildirmişdi ki, Gürcüstan NATO-ya üzv olsa, bu, dəhşətli münaqişəyə yol açacaq.
Rusiya istəmir ki, Gürcüstan NATO-ya daxil olsun. Onların istəyi ondan ibarət idi ki, Gürcüstan yalnız MDB çərçivəsində qalsın. Bu da mümkün olmadı. Bildiyimiz kimi, Gürcüstan NATO-ya üzv olmaq üçün müraciət edib. Lakin Gürcüstanda NATO-nun bazası olmasa da, həmin alyansa məxsus tədbirləri, təlimləri öz ərazilərində qəbul edir. Bu da Rusiyanı hədsiz dərəcədə hiddətləndirir və Gürcüstana olan qəzəbini daha da artırır. Qonşu ölkələr arasındakı ən böyük problem Cənubi Osetiya və Abxaziya məsələsidir. Rusiya bu torpaqları işğal edib və qondarma bir respublika kimi elan olunan qurumları tanıyıb. Bu səbəbdən də Gürcüstanla Rusiya arasında o qədər problem var ki, bunları aşıb keçmək asan deyil. Rusiyanın verdiyi bu kəskin reaksiyadan da görünür ki, Moskva Gürcüstanı asanlıqla əlindən buraxmaq istəmir. Həmin ölkənin NATO-ya üzv olmaması üçün bacardığı yerə qədər dirəniş göstərəcək”.
Məhəmmədəli QƏRİBLİ