“Həmin ölkə nə qədər çalışsa ki, özünü terror və transmilli cinayətkarlıqdan mühafizə olunan dövlət kimi göstərsin, xeyri olmayacaq”
ABŞ-ın Ermənistandakı səfirliyi öz ölkə vətəndaşlarına bayram günlərində həmin ölkəyə səfər zamanı ehtiyatlı olmaları ilə bağlı etdiyi xəbərdarlıqda terror təhlükəsinin ola biləcəyi ilə yanaşı, həm də transmilli mütəşəkkil cinayətkarlıq elementlərinin mövcudluğu da diqqəti çəkir. Bildirilir ki, Avropadakı transmilli qruplarla əlaqəli alan cinayətkar elementlər Ermənistanda hər an onlara zərər yetirə bilər. Erməni KİV-ləri ABŞ-ın bu narahatlığını bu yaxınlarda Fransada ifşa edilən böyük bir cinayətkar qrupun mövcudluğu ilə əlaqələndirməyə çalışırlar. Bu xüsusda qeyd edirlər ki, həmin qrupun tərkibində ermənilərlə yanaşı, digər Cənubi Qafqaz müllətlərinin də nümayəndələri olub və bu da Ermənistanı belə əlaqələrdə ittiham etmək üçün əsas vermir.
Ermənistanın transmilli cinayətkar qruplarla əlbir olması və belə zərərli elementlərin həmin ölkədə mövcudluğu ilə bağlı ABŞ-ın keçirdiyi narahatlığı necə dəyərləndirmək olar?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ səfirliyinin etdiyi xəbərdarlıq tam əsaslıdır: “Ermənistanın transmili cinayətkar qruplarla əlaqəli olmasını yalnız ABŞ səfirliyi iddia etmir. Aydındır ki, ABŞ kimi ölkə belə bir xəbərdarlığı təsadüfdən, heç bir dəlilə əslanmadan edə bilməz. Ermənistanın hətta rəsmilərinin, diplomatiyasının dünya kriminal dairələri ilə ciddi əlaqələrinin olmasına dair faktlar çoxdan mövcuddur. Bu yaxınlarda Rusiya mətbuatı Ermənistan XİN-lə “qanunu oğrular”ın işbiriliyini sübut edən materiallar yaydı. Almaniyanın televiziyalarında “qanuni oğrular”ın başçılıq etdiyi erməni mafiyasının Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunduğuna dair material getdi. Alman jurnalistlərinin araşdırdığı həmin materialda deyilirdi ki, mütəşəkkil erməni mafioz şəbəkəsi Almaniyanın bir sıra iri şəhərlərini əhatə edib və kredi fırıldaqlarından narkotik alverinədək bir çox qeyri-leqal sahədə fəaliyyət göstərib. Polis istintaqı zamanı, ümumilikdə, 42 nəfərin yer aldığı 14 cinayət işi açılıb. Bundan başqa, 2017-ci ildə Çexiyada “oğru görüşləri” zamanı saxlanan “nüfuzlu iş adamı” Ruben Tatulyan Ermənistan diplomatik pasportunu göstərərək həbsdən qaça bilib.
Araşdırmalar zamanı Ermənistan XİN R.Tatulyana “ölkənin iqtisadi inkişafına yönəlmiş fəaliyyətinə görə” diplomatik pasport verdiyini etiraf edib”.
Ekspertin sözlərinə görə, bu, Ermənistan müstəqillik əldə etdikdən sonra start götürən və hazırda da davam edən bir prosesdir: “Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla da bağlı belə iddialar vardı. Bildirilirdi ki, o, Moskvada yaşayan Tason Akopyan adlı kriminal avtoritet olan dostuna diplomatik pasport verib. Sübut olunurdu ki, həmin adam Sarkisyanın “çirkli pullarını yumaq”la məşğul olub. Bütün bu danılmaz dəlillər sübut edir ki, Ermənistan hökuməti daim kriminal aləmlə yaxın əlaqədə olub. Təbii ki, həmin əlaqələrin kökləri İrəvandan qaynaqlanır. ABŞ-ın diqqətini bu ciddi dəlillər cəlb etdiyi üçün, vətəndaşlarına məlum xəbərdarlığı edib. Ermənistana səfər edən turistlər üçün kriminal təhlükə var və olacaq. Həmin ölkə nə qədər çalışsa ki, özünü terror və transmilli cinayətkarlıqdan mühafizə olunan dövlət kimi göstərsin, xeyri olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ