Elşən Həsənov: "Dünyadakı ən qəddər terror təşkilatları məhz erməni millətçiliyi ideologiyası əsasında qurulub”
ABŞ-ın Ermənistandakı səfirliyinin öz vətəndaşlarına etdiyi müraciət İrəvanda ciddi narahatlığa səbəb olub. Qeyd edək ki, səfirlik öz vətəndaşlarına yaxın Yeni il tətili günlərində Ermənistana səfər edərkən çox ehtiyatlı olmağı tövsiyə edir. Müraciətində səfirlik vətəndaşlarının ehtiyatlı olmalı olduğu konkret detalların da adını çəkir. Yəni burada söhbət yalnız cibgrilik, mənzil qarəti kimi cinayətlərdən getmir.
Aydındır ki, bu halların bayram günlərində baş verməsi adi günlərlə müqayisədə çox olur. Söhbət Ermənistanda mövcud olan transmilli terror qrupların hədəfinə tuş gəlməməklə bağlı olunan xəbərdarlıqdan gedir. Erməni mətbuatı öz ölkələrinin terrorla mübarizə sahəsində əldə etdiyi uğurlardan yazmaqla ABŞ səfirliyinin yanııldığını sübut etməyə çalışsa da, artıq belə məzmunlu müraciət edilib. Edilən xəbərdarlıqda terrorçuların hədəfə ala biləcəyi məkanlar kimi ticarət mərkəzləri, aeroportlar, gecə klubları, nəqliyyat qovşaqlarının adı çəkilir. Bu bəyanata şərh verə bilməyən erməni jurnalistləri isə bütün günahları Ermənistanla qonşu olan İranın üzərinə yıxmaq istəyir. İddia edirlər ki, İranla qonşuluq və ordan çoxlu sayda turistin gəlməsi belə bir təhlükənin ortaya çıxmasına səbəb ola bilər. Hər halda, ortada ciddi fakt var və dünyanın ən nüfuzlu ölkəsi Ermənistanda terror təhlükəsinin olduğunu açıq mətnlə bəyan edir. Bu, Ermənistanın stabil ölkə kimi özü barədə yaratdığı mifi tam alt-üst edirmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanla bağlı ABŞ səfirliyinin öz vətəndaşlarına etdiyi müraciətdə ciddi mətləblərə toxunulub: “Düzdür, erməni KİV-i bunu müxtəlif aspektlərdən şərh verməklə neytrallaşdırmağa, formal bir məzmun olması rəyi yaratmağa çalışır. Amma həmin arqumentlər əsaslı deyil. Çünki ABŞ səfirlikləri bütün ölkələrlə bağlı analoji məzmunda müraciət etmir. Belə olsaydı, həmin müraciət Departamentin adından bir mərkəzdən bütün ABŞ vətəndaşlarına ünvanlanardı. Ermənilər iddia edir ki, ABŞ daim Ermənistanla bağlı müsbət fikirlər səsləndirib və hazırda belə bir xəbərdarlığın üzə çıxması onları dərindən təəccübləndirib. Bir daha xatırladıram ki, Ermənistanın özü barədə yaratdığı stabil, terrordan uzaq ölkə imici tam darmadağın olub. Hər halda, ABŞ kimi ölkə əlində ciddi faktlar olmasa, belə məzmunlu xəbərdarlıq etməz. ABŞ səfirliyinin gəldiyi qənəti tam əsaslı hesab edirəm. Çünki Ermənistan stabil ölkə deyil. Faktiki olaraq, başqa dövlətin ərazisini ilhaq edib və həmin işğal altında olan torpaqlıarda kifayət qədər terrorçular var. Bu öz təsdiqini tapıb ki, Suriyadan, Livandan olan çoxlu sayda terrorçu və erməni ailələri həmin ərazilərdə məskunlaşdırılıb. Onların da Ermənistanla əlaqə yaratması, gedib-gəlməsi problem deyil. Ermənistanın öz daxilində də terrora meylli qüvvələr var. Məsələn, “Sasna Tsrer” adlı qrup var ki, Ermənistanın özü onu terrorçu elan etmişdi. Hazırda həmin qrupa yaşılı işıq yandırılıb, onlar siyasi arenadadır. Bütün bunları həmin ölkədəki ABŞ səfirliyi yaxından izləyir. Ermənistanın terrorla bağlılığı hər zaman olub. Dünyadakı ən qəddər terror təşkilatları məhz erməni millətçiliyi ideologiyası əsasında qurulub. Ermənistan dövlət olaraq onlara daim qucaq açıb. Bütün bunlar sübüt edir ki, Ermənistanda terror təhlükəsinin olması hər zaman üçün aktivdir və ABŞ səfirliyinin vətəndaşları ilə bağlı keçirdiyi narahatlıq tam əsaslıdır”.
Məhəmmədəli QƏRİBLİ