Dağlıq Qarabağ münaqişənin təkcə ölkəmizin yox, bütövlükdə Cənubi Qafqazın, o cümlədən Avropanın stabilliyi üçün böyük təhlükə mənbəyi olması bu gün artıq beynəlxalq miqyasda da açıq etiraf edilir. Əvvəllər dünya ictimaiyyəti bu xüsusda Azərbaycanın çağrışlarına laqeyd yanaşırdısa, artıq vəziyyət dəyişib.
İndi çox aydın görünür ki, münaqişə təkcə region üçün deyil, bütün Avropa üçün təhlükədir. ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli məsələnin bu tərəfinə nəzər salaraq vurğulayır: “Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir. Bu gün Cənubi Qafqazın iki ölkəsinin – Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Artıq neçə illərdir ki, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir. Ona görə də hesab edirəm ki, işğalçılara qarşı ciddi tədbirlər görülməli, sanksiyalar tətbiq olunmalıdır”.
Hesab edilir ki, regionda mövcud münaqişələrin, o cümlədən Qarabağ konfliktinin həllinin uzanması Avropaya yaranan təhdidin miqyasının daha da genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda, konfliktin həllinin dinc müstəvidə tapılmaması regionda qeyri-sabitlik mənbəyi də olaraq qalacaq. Bundan isə əziyyət çəkən təkcə əraziləri işğal altında olan Azərbaycan yox, həm də Ermənistanın özüdür. Əvvəla o baxımdan ki, münaqişə Ermənistanın inkiaşfı yolunda ən böyük əngəldir, ikinci bir tərəfdən, məhz bu konflikt üzündən Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Bu halda istənilən an savaşın başlama ehtimalı yüksək olaraq qalır və belə vəziyyətdə İrəvan böyük zərbələrə tuş gələcəyini yaxşı bilir. İndilikdə isə Qarabağ münaqişəsinin inkişafı üçün böyük maneə olduğunu görən İrəvan vəziyyətdən çıxmaq yönündə müxtəlif cəhdlər edir. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan ilkin şərtlər olmadan Türkiyə ilə Ermənistanın birbaşa diplomatik əlaqələr qurmağa hazır olduğunu bildirib. Paşinyan qəbulolunmaz ön şərtlər arasında Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyini vurğulayıb: "Lakin Türkiyə ilə münasibətlər Dağlıq Qarabağ məsələsi ilə, üçüncü ölkə ilə bağlıdır. Mən Azərbaycanı nəzərdə tuturam". İrəvanda türkiyəli jurnalistlərlə görüşü zamanı Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da bu mövzuya toxunub: “Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını istəyirik”. Mnatsakanyan Türkiyə ilə Ermənistan arasındakı görüşlərə yeni dinamizm gələcəyini deyib: “Biz Türkiyə - Ermənistan əlaqələrinin normallaşmasını istəyirik. İki ölkə arasında keçmişdə xoş olmayan hadisələr yaşanıb, ancaq ilkin şərt olmadan görüşə hazırıq. Çətin görünsə də, iki ölkə arasında yeni bir yol müəyyən edilməlidir”. Nazir keçmişdə iki ölkə arasında yaşananların təkrarlanmaması gərəkdiyini bildirib: “Biz iki qonşu ölkəyik və problemləri həll edəcək yetərli potensiala sahibik. Biz həll üçün dialoq qurmağın tərəfdarıyıq”.
Mnatsakanyan, həmçinin, Ermənistan üçün əsas istiqamətin Dağlıq Qarabağ məsələsi olduğunu deyib: “Bizim Rusiya, Avropa Birliyi və ABŞ başda olmaq üzrə qonşularımız Gürcüstan və İranla yaxşı əlaqələrimiz var. Bununla bərabər, dünyanın digər tərəfi olan Çin, Yaponiya və digər Asiya ölkələrilə də münasibətimiz çox yaxşıdır. İlk və ən önəmli məsələmiz Dağlıq Qarabağın sülh yolu ilə həllidir. Biz Ermənistanın təhlükəsizlik siyasətini formalaşdırma məsələsində çox diqqətliyik”. O, Qarabağın həllində Minsk Qrupu çərçivəsində qurulacaq diplomatiyanın işə yarayacağını bildirib. İrəvanın bu yanaşmasını həm çarəsizliyin etirafı, həm də həqiqətə uyğunsuzluq kimi şərh etmək mümkündür. Belə ki, Ermənistan Qarabağ münaqişəsinin həllinə nail olmadan inkiaşfının mümkünsüzlüyünü aydın görür və Paşinyan da hakimiyyətdə olduğu 7 ay ərzində bununla real şəkildə üzləşib. Belə vəziyyətdə o, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmaqla düşdüyü çətin durumdan çıxmağa ümid bəsləyir. Amma unudur ki, İrəvanın Ankara ilə hansısa razılıq əldə etməsi Azərbaycandan birbaşa asılıdır. Daha doğrusu, Ankara Qarabağ amilini əsas götürüb və Bakının mövqeyini mütləq nəzərə almaqla Ermənistianla əlaqələr yaradıla biləcəyini bildirir. Türkiyə Prezident Administrasiyası da bildirir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir. İrəvanın Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə mövqeyini şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır: “Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayanadək regionda sabitlik ola bilməz”.Tanınmış türkiyəli politoloq Barış Doster isə qeyd olunan xüsusda Paşınyanın çıxışını populizm kimi qiymətləndirib: “Düşünürəm ki, bu populizmdir. Paşinyan Türkiyənin Ermənistanla olan bütün münasibətlərini hansı şəraitdə kəsdiyini çox yaxşı bilir. Amma yadından çıxıbsa, xatırladım ki, Türkiyə Dağlıq Qarabağın işğalına etiraz olaraq Ermənistanla bütün diplomatik əlaqələri kəsib və ümumi sərhədlərini bağlayıb. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir, biz hərbi və iqtisadi sahədə yaxından əməkdaşlıq edirik. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir. Yadıma gəlir, bir neçə il əvvəl Türkiyə və Ermənistan arasında "barışıq" yaratmaq cəhdləri ortaya cıxdı, mən Sürix Protokollarını nəzərdə tuturam. Lakin bu cəhd uğursuzluqla nəticələndi. Azərbaycana görə Ankara Ermənistanla baraşığa getmədi. İndi də bu barışığa getməyəcək, lakin əminəm ki, ABŞ və Avropa ölkəmizə təzyiq göstərəcək və bu təziqlər nəticəsiz qalacaq. Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun işğalı sona çatmayana qədər, bu torpaqlar Azərbaycana qaytarılmayana qədər Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin qurulmasına dair danışıqlardan söhbət gedə bilməz. Türkiyə belə bir addımı atmayacaq”. Elə sabiq dövlət müşaviri Qabil Hüseynli də bildirir ki, Türkiyənin Ermənistanla sərhədləri açması, eləcə də diplomatik münasibətlərin yaradılması Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, ilk növbədə işğal edilmiş 7 rayondan erməni işğalçı qoşunlarının çıxarılması və əhalinin öz doğma yurd-yuvalarına qaytarılmasından asılıdır. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır: “Türkiyə tərəfi birmənalı surətdə bəyan edib ki, Ermənistanla münasibətlər o zaman yaxşılaşdırıla, sərhədlər açıla və diplomatik münasibətlər yaradıla bilər ki, Azərbaycan ərazisindən bütün erməni qoşunları çıxarılsın və Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Ermənistan Azərbaycanla normal qonşuluq münasibətləri yaradarsa, eyni münasibətləri Türkiyə ilə də yarada bilər”.
Politoloq ABŞ-ın Ermənistanın İranla sərhədləri bağlaması qarşılığında Türkiyəyə sərhədlərin açılması üçün təzyiq göstərə biləcəyi ilə bağlı iddialara da münasibət bildirib: “İranla Ermənistanı sıx əlaqələr birləşdirir. İlk vaxtlar Ermənistan İranla tampon körpülərlə, sonralar isə dəmir konstruksiyalarla, xüsusilə Arazın üzərindən geniş ikixətli körpü vasitəsilə əlaqə saxlayıb. Bu körpü vasitəsilə İrandan Ermənistana lazım olan yeyinti məhsulları, məişət texnikası və s. göndərilir. Yəni İran Ermənistan üçün nəfəslik rolunu oynayır. Ermənistan İrandan həm qaz, həm də lazım olanda elektrik enerjisi alır. Bir neçə ay bundan əvvəl İrandan Ermənistana ikinci qaz kəməri də çəkildi. Əvvəldən kəmər vasitəsilə bu qazı Avropaya çıxarmağı düşünürdülər. Amma sonradan gördülər ki, bu plan coğrafi cəhətdən mümkün deyil. Eyni zamanda İran qazını ABŞ-ın təkidi ilə Avropa ölkələrinin heç biri istəmir. Amma bu qaz kəməri Ermənistanın ehtiyaclarını ödəyir. Üstəlik, İran Rusiya ilə müqayisədə Ermənistana qazı təxminən 50 dollar daha ucuz satır. Belə olan təqdirdə İran Ermənistan üşün çox lazımlı tərəfdaşdır. Bundan imtina etmək, ABŞ-ın sanksiya tələblərinə boyun əymək heç vaxt mümkün olmayacaq. Ermənistanın buna gedəcəyini düşünmürəm”.
Politoloq vurğulayıb ki, Ermənistanın maraqlarına nə qədər uyğun olsa da, Türkiyənin sərhədləri açacağını düşünmür: “Ermənistanın bu regionda iqtisadi əlaqələrini inkişaf etdirməyinin, blokada şəraitindən çıxmasının, normal ticari və iqtisadi münasibətlər qurmasının, eləcə də bölgədə bir sıra iqtisadi layihələrə qoşulmasının yeganə yolu Azərbaycanla müharibə vəziyyətinin aradan qaldırılmasından keçir. O da Azərbaycanın ərazi bütövlüyünə söykənən Dağlıq Qarabağ probleminin həll variantıdır. Ermənistan nə qədər ki bu varianta getməyəcək, tam olmasa da, blokadaya alınmış şəraitdə saxlanacaq: ölkənin məhsuldar qüvvələri inkişaf etməyəcək, əhalinin gəliri artmayacaq, maddi güzəran yaxşılaşmayacaq. Bu səbəbdən də Ermənistan özünün militarist ambisiyalarının qurbanına çevriləcək. Bu nöqteyi-nəzərdən Ermənistan danışıqlar prosesində aktiv iştirak etsə, danışıqlar prosesinin substantiv şəkildə aparılmasına yardım etsə və beynəlxalq hüquq normalarına uyğun olaraq münasibətlərin tənzimlənməsində maraqlı olsa, qarşıya qoyduqları hədəfə nail ola bilər. Əks halda onları bundan da pis gün, münaqişənin silahlı yolla həll variantı gözləyir”. Beləliklə, İrəvan Türkiyə, eləcə də Azərbaycanla münasibətləri normallaşdırmaq üçün istənilən halda ölkəmizlə razılığa gəlməli, işğal siyasətinə son qoymalıdır. Əks təqdirdə, Ermənistanın çöküşü davam edəcək. Elə rusiyalı şərhçi Mixail Belyayev də vurğulayır ki, yaranmış durumda “Ermənistanda seçkidə qalib gələn Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində geri çəkilə bilər: “Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevlə iki dəfə görüşən Paşinyan anlayır ki, Qarabağ cəbhəsində hazırkı fasilə əbədi davam edə bilməz və real danışıqlar olmasa, cəbhədə vəziyyət yenidən qızışacaq. Danışıqlardan çəkilmə və mövcud status-kvonun saxlanması taktikası Köçəryan və Sarkisyan xəttinin davamı ola bilər. Lakin Qarabağda müharibə ilə siyasi karyera quran hər iki siyasətçidən fərqli olaraq, Paşinyan uğuruna görə müharibəyə borclu deyil. “Madrid prinsipləri” əsasında sərhədlərin açılışı və regional iqtisadi əməkdaşlığa əvəz olaraq ilkin mərhələdə Qarabağ ətrafındakı rayonların bir qisminin qaytarılması ilə cəbhədə hərbi risqlərin yenilənməsini minimuma qədər azaltmaq olar. Paşinyanın özünü uzaqgörən siyasətçi kimi göstərəcəyi, yaxud küçə populisti səviyyəsində qalacağı gələn il məlum olacaq”.
Beləliklə, İrəvan yaxın tezlikdə Qarabağ məsələsi ilə bağlı qərar verməli olacaq və bu qərar konfliktin dinc, yoxsa hərb müstəvisində çözüləcəyini müəyyən edəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.