Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətləri təkcə ölkəmizdə yox, onun sərhədlərindən kənarda da kifayət qədər yaxşı görülür, aydın sezilir. Məhz onun beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımları, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcəyi baxımından mühüm rol oynadı.
Bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar Heydər Əliyev zəhmətinin bəhrəsidir. Onun gördüyü genişmiqyasıl işlər dünya miqyasında da diqqətlə izlənir və bunu ölkə xaricində Heydər Əliyevlə bağlı dərc edilən yazılardan aydın görmək olar. Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlil Mərkəzinin MDB Ölkələrini Öyrənmə Mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayevin "Vestnik Kafkaza" portalında bu xüsusda dərc edilən yazısında diqqət həm də ona yönəldilir ki, Heydər Əliyev Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yüksəlişində də mühüm rol oynayıb: "Təxminən iyirmi ildir biz Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin yüksək bəhrəsini görürük… 1970-1980-ci illərdə keçmiş sovet modernləşməsinin lideri olan Heydər Əliyevin yeni dönəmdə Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı anlaşmasının, baxışlarının üst-üstə düşməsi də hamıya kifayət qədər yaxşı məlum idi və bu, iki ölkə arasında qarşılıqlı əlaqələrin inkiaşfında mühüm rol oynadı". Aleksandr Karavayev Rusiya–Azərbaycan münasibətlərinin möhkəmlənməsində Heydər Əliyev və Vladimir Putinin roluna xüsusi diqqət yetirərək yazır: “Bu insanlar idarəçiliyin müxtəlif sahələrindən, müxtəlif sovet respublikalarından, müxtəlif yaşda olmalarına baxmayaraq, bir dalğaya - 1980-ci illərin ortalarında Sovet İttifaqının transformasiyasının modernləşməsinə köklənmişdilər”. Müəllif daha sonra yazır: “İllər keçsə də, mahiyyətcə çox az şey dəyişib. Vladimir Putin və İlham Əliyev yenə də öz ölkələrində modernləşdirici-istiqamətləndirici elitanın flaqmanıdırlar”. Qeyd edir ki, hər iki tərəfin burada konservatizmə sadiqlyi də diqqətdən yayınmamalıdır: “Rusiya Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey İvanovun tezis və çıxışlarını onun həmkarı, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqalələri ilə müqayisə edin. Onların hər ikisi dövlətin dünyəvi xarakterindən bəhs edərkən konservativ dəyərlərin əhəmiyyətini vurğulayır, həm də qlobal əlaqələrin genişləndirilməsi kontekstində dövlətin və cəmiyyətin müxtəlif səviyyələrində suverenliyin qorunub saxlanmasının çətinliyi barədə danışırlar. Yeri gəlmişkən, biz xatırlayırıq ki, Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının rəhbərləri ilə həm ikitərəfli əsasda, həm də Təhlükəsizlik Şurasının katiblərinin illik sammitində iştirakçı kimi davamlı əlaqə saxlayır”. Aleksandr Karavayev onu da bildirir ki, hazırda Azərbaycan və Rusiyanın güclənən birgə səyləri bu ölkələri “Qərbin alternativi“ olan yeni layihənin orbitinə çevirir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Vladimir Suxoy isə “Moskva-Bakı” portalında Heydər Əliyevlə bağlı yazır ki, o, milli tarix yaratan liderlərdəndir: “Heydər Əliyev Azərbaycanın müasir tarixini yaratmış liderdir. Tarix onu dövrünün əsl əfsanəsi, güclü bir dövlət başçısı, fədakar və dövlət quruculuğunda çətin tarixi missiyanı qəbul edə bilən unikal bir şəxs kimi xatırlayır”. Heydər Əliyevin sovetlər dönəmində fəaliyyətinə nəzər salan müəllif yazır ki, o dövrdə yalnız Rusiya və Azərbaycan SSRİ büdccəsindən dotasiya almadan yaşaya bilirdi və bu da Heydər Əliyevin misilsiz xidmətlərindən idi. Müəllif qeyd edir ki, Heydər Əliyevin misilsiz xidmətlərindən biri olan Baykal-Amur Magistralının (BAM) tikintisindəki rolu da yaxşı məlumdur. Lakin bu onun vəzifələrindən yalnız biri idi. Bildirilir ki, Heydər Əliyevə SSRİ-nin bütün nəqliyyat şəbəkəsinə nəzarət həvalə edilmişdi. O, yeni avtomatlaşdırılmış bilet satışı sistemini tənzimləmək, vaqonların reyslərə hazırlığı, yolda sərnişinlərə bərbad xidmət göstərilməsi ilə bağlı vəziyyəti düzəltmək məcburiyyətində idi: “Heydər Əliyevlə işləyən adamlar onun bu sahədə kreativ, mürəkkəb, bəzən qeyri-populyar və risqli qərarlar qəbul etmək bacarığını vurğulayırdılar. Onun idarəçiliyinin keyfiyyətini gələcək nəsillər qiymətləndirdi. 2008-ci iyulunda BAM-ın ən iri stansiyalarından birinə Heydər Əliyevin adı verildi". Bunlarla yanaşı, ulu öndərin Azərbaycanın müstəqillik dönəmində gördüyü işlərdən də geniş bəhs olunur və bildirilir ki, Heydər Əliyev ölkəni müasir tərəqqi yoluna çıxara bildi. Onun Azərbaycana rəhbərlik etdiyi dövrdən danışan müəllif Xəzərdə karbohidrogenlərin hasilatına iri beynəlxalq investisiyaların cəlb olunmasını və Avropada ən iri Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisini qeyd edərək, xüsusi vurğulayır ki, Heydər Əliyev Azərbaycanın hərtərəfli uğurlu inkişafı üçün uzunmüddətli zəmin yaradıb. Qeyd olunur ki, məhz onun sayəsində Azərbaycan dövləti çoxsaylı böhranları uğurla adlaya bilib. Ukraynanın "versii.com" portalında da ulu öndərin həyat və fəaliyyətindən ətraflı şəkildə bəhs edilən böyük bir məqalə dərc olunub. Bildirilir ki, Heydər Əliyev əlli ildir azərbaycanlıların ürəyini əbədi olaraq fəth edib. Vurğulanır ki, böyük insan, tarixi şəxsiyyət olan Heydər Əliyev kimi insanlar yüz ildə bir dəfə dünyaya gəlir. Qeyd olunur ki, xalqına heç vaxt saxta vədlər verməyən Heydər Əliyev realist bir siyasətçi olub və daim nəticə verən işlərin müəllifi kimi tanınıb. Onun xalqın yüksək inam və etimadını qazandığını bildirən müəllif yazır ki, o, Azərbaycanın istər sovetlər, istərsə də müstəqillik dönəmində uğurlu inkişafını təmin edib. O da vurğulanır ki, diplomatiya sahəsində də böyük nailiyyətlər qazanan Heydər Əliyev Azərbaycan və Ukrayna arasında da münasibətlərin uğurlu inkişafına böyük təkan verib. İstedad və iradənin Heydər Əliyev şəxsiyyətinin mühüm keyfiyyətləri olduğunu bildirən müəllif vurğulayır ki, o, Azərbaycanın ən hörmətli, populyar siyasətçisi, diplomatı olaraq qalır. Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin layiqli varisi olduğunu qeyd edən müəllif yazır ki, onun rəhbərliyi altında bu gün ölkə uğurla inkişaf edir.
Nahid SALAYEV