Qərb və Rusiya arasında enerji çəkişməsinin yenidən dərinləşməsi müşahidə olunmaqdadır. Elə bu fonda ABŞ-ın Nümayəndələr Palatası "Şimal axını-2" layihəsinə qarşı qətnamə qəbul edib. Sənədə əsasən, qaz kəməri Avropanın enerji təhlükəsizliyi və Birləşmiş Ştatların maraqları üçün geriyə ciddi addım sayılır. Həmçinin, qətnamə Avropa hökumətlərini layihədən imtina etməyə, ABŞ prezidenti Donald Trampı əlində olan bütün vasitələrdən Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün istifadə etməyə çağırır.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti də Avropa İttifaqını Kerç boğazında baş verən hadisə ilə əlaqədar "Şimal axını-2" layihəsindən imtina etməyə çağırıb: "Kerçdə baş verən hadisə Avropaya "Şimal axını – 2" sayəsində Ukraynadan yan keçməklə daha çox qaz infrastrukturuna malik olduqca Rusiyanın hərbi təcavüzünün qarşısını almaq vasitəsinin bir o qədər zəif olduğunu xatırladır". Maraqlıdır ki, belə bir vaxtda Avropa Parlamenti də Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin dayandırılması məsələsini nəzərdən keçirməyi təklif edib. Qeyd edilir ki, "Şimal axını - 2" Avropa İttifaqının Rusiya qazından asılılığını artırır və bu, Avropa İttifaqının vahid enerji bazarı üçün təhlükə yaradır. Bundan başqa, Avropa Parlamentində Rusiya ilə münasibətlərə dair qətnamə layihəsi hazırlanıb. Sənəddə “Şimal axını-2” layihəsinin icrasının dayandırılması tələb edilir. Xarici əlaqələr komitəsinə təqdim edilən layihənin müəllifi Latviyadan olan deputat Sandra Kalnietedir. Təşəbbüsün müəllifi qeyd edir ki, Rusiya və Avropa İttifaqı yaxın gələcəkdə əsas iqtisadi tərəfdaşlar olaraq qalacaq, amma “Şimal axını-2” layihəsi İttifaqın Rusiya qazından asılılığını gücləndirir, daxili bazara təhlükə yaradır və Avropa İttifaqının enerji siyasətinə cavab vermir, buna görə də layihə dayandırılmalıdır.
Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya sahilindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər uzanan, illik ötürücülüyü 55 mmlyard kubmetr olan iki xəttin inşasını nəzərdə tutur. Yeni kəmərin mövcud “Şimal axını” kəməri ilə yanaşı inşa edilməsi planlaşdırılır. Tikinti işlərinin 2019-cu ilin sonuna yekunlaşması nəzərdə tutulub. Amma ABŞ və Avropada kəmərə qarşı addımlar onun vaxtında inşasını əngələlyir. Bunlar isə Avropada təbii qaza tələbin artdığı bir vaxtda baş verir. Digər tərəfdən bu fonda diqqət çəkən məqam proseslərin Azərbaycan qazının Avropaya daxil olduğu bir vaxtda cərəyan etməsidir. Hesab olunur ki, yaranmış şəraitdə Azərbaycan qazı daha asan şəkildə Avropa bazarında realizasiya olunacaq. Eyni zamanda, Avropa Azərbaycan üzərindən daha çox qaz almağa çalışacaq və bu xüsusda artıq Türkmənistanla Avropa İttifaqının danışıqları daha da intensivləşib.
İndilikdə Avropanın əsas diqqəti isə Azərbaycan qazının mümkün qədər tez alışına yönəlib. Bu məsələ Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli sazişə dair danışıqlarda da xüsusi diqqət mərkəzində olub. Danışıqlar prosesində çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Bildirib ki, Bakı-Tiflis-Ceyhan və “Cənub Qaz Dəhlizi“ kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır.
Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Luk Devin bu xüsusda əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. TAP-ın baş direktoru Luka Sşieppati isə Azərbaycanın Avropanın enerji təhlükəsizlyinin təminində rolunun artdığını vurğulayır: “Elə bu günlərdə TAP-ın TANAP-la birləşməsi “Cənub Qaz Dəhlizi“nin tamamlanması istiqamətində irəlilədiyimizi göstərir. TAP-ın TANAP-la birləşməsi onu göstərdi ki, biz “Cənub Qaz Dəhlizi“nin tamamlanması istiqamətində irəliləyirik və qrafik üzrə 2020-ci ildə Avropaya təbii qazı çatdıracağıq”. Qeyd edək ki, TANAP və TAP boru kəmərlərini bir-birinə birləşdirən “qızıl qaynaq” Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində həyata keçirilib.
Fransanın “France3” telekanalı isə Azərbaycanın reallaşdırdığı “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını və bu məsələdə qitənin asılılığının azaldılmasına əhəmiyyətli töhfə verəcəyini diqqətə çatdırıb. “Cənub Qaz Dəhlizi”nin Avropa üçün əhəmiyyətinə diqqət çəkən kanal bildirib: “Bu elə əhəmiyyətli layihədir ki, Avropa İnvestisiya Bankı onun həyata keçməsi üçün tarixinin ən böyük kreditlərindən birini ayırıb”. “S&P Global Platts” agentliyi isə bildirir ki, Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Cənub Qaz Dəhlizi”nin tikinti xərcləri dəyər zəncirinə qənaət edildikdən sonra 40 milyard dollardan aşağı olacaq. Elə bu da layihənin cəlbediciliyini daha da artırır.
Bir daha xatırladaq ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq.
Tahir TAĞIYEV