Əli Orucov: “Bu, eyni zamanda, işğalçı rejimə hüsn-rəğbətin və hərtərəfli dəstəyin göstəricisidr”
Ermənistanda keçirilən parlament seçkilərinin demokratik normalara uyğun olmaması göz qabağındadır. Ən azından ona görə ki, Nikol Paşinyan ona qarşı əsas rəqib rolunda çıxış edən siyasi qüvvələri müxtəlif vasitələrlə oyundan kənar saxladı. Həmin qüvvələrin təbliğat və təşviqat kampaniyasına bərabər şərait yaratmadı. Bundan başqa, bu seçkilərdə səsvermə hüququ olanların heç 50 faizi iştirak etmədi. Bütün bunların nəticəsində seçkilər Paşinyanın xeyrinə saxtalaşdırıldı.
Bütün bunlara baxmayaraq, Avropa İttifaqının Ermənistanda keçirilən seçkiləri demokratik hesab etməsi təəccüb doğurur. Qurumun bununla bağlı yaydığı bəyanatında qeyd olunur ki, Aİ Ermənistanın gələcək demokratikləşdirilməsi və modernləşdirilməsi üçün səylərin davam etdirilməsini gözləyir: “Dekabrın 9-da Ermənistanda 2018-ci ilin aprel-may aylarında hakimiyyət dəyişikliyindən sonra parlamentə ilk fövqəladə seçkilər keçirildi. Beynəlxalq Seçki Müşahidə Missiyası bildirir ki, bu seçkilər "əsas azadlıqlara uyğun olaraq keçirilib və gələcək seçki islahatlarında geniş ictimaiyyətin razılığını qazanıb.
Avropa İttifaqı Ermənistan üçün sabit, demokratik və firavan gələcəyi dəstəkləyir. Erkən parlament seçkiləri Ermənistanda seçki prosesinə ictimaiyyətin inamının artırılması baxımından vacibdir. Biz bütün maraqlı tərəflərin Ermənistanın daha da demokratikləşdirilməsi və modernləşdirilməsi üçün birgə səylərini davam etdirməsini gözləyirik”.
Daha sonra qeyd olunub ki, Aİ demokratik şəraitdə seçilən Ermənistan parlamenti ilə əməkdaşlıq etməyə hazırdır.
Hansı əsas azadlıqlara hörmətdən söhbət gedə bilər ki, seçicilərin heç 50 faizi seçkidə iştirak etməyib?! Namizədlərə bərabər imkanlar yaradılmayıb.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov Aİ-nin Ermənistandakı seçkilərlə bağlı sərgilədiyi mövqeyi tənqid etdi: “Avropa İttfaqının Ermənistanda keçirilən parlament seçkilərini demokratik adlandırması bu qurumun özünün standart və prinsiplərinə xələl gətirir. Ermənistanda keçirilən seçkilər kütləvi pozuntularla, saxtalaşdırmalarla müşayiət olunub və hakimiyyətdə olan Paşinyanın diqtəsi ilə keçirilib. Aİ-nin Ermənistanda seçkilərlə bağlı mövqeyi təkcə ikili standartların təzahürü deyil. Bu, eyni zamanda, işğalçı rejimə hüsn-rəğbətin və hərtərəfli dəstəyin göstəricisidr. Məhz bunun nəticəsidir ki, Ermənistan regionda təhlükə mənbəyinə çevrilib və regionda təcavüzkar siyasət yürütməkdədir. Aİ özünə hörmət qoyub, Ermənistanı beynəlxalq hüquq və prinsiplərə uyğun davranmağa məcbur etməli, demokratiyaya və insan haqlarına zidd olan addımların qarşısını almağa çalışmalıdır. Bu cür biabırçı seçkinin yüksək qiymətləndirilməsi təkcə təəssüf doğurmur. Bu həm də Aİ-yə olan inamı əsaslı şəkildə sarsıdır. Onsuz da son dövrlər bu qurumun nüfuzuna və dəyərlərinə xeyli zərər vuran Qərb institutlarına öz cəmiyyətlərində də yaxşı münasibət sərgiləmirlər. Ermənistanda əsas azadlıqlara hörmət olunmasından danışmaq bütün mənalarda gülüncdür. Ona görə ki, Ermənistan cəmiyyəti xunta rejiminə dəstək verib. Bu ölkədə çoxsaylı siyasi qətl törədilib və bunların başında məhz hakimiyyət dayanıb. Belə olan halda, birdən-birə nə dəyişib ki, Aİ Ermənistanda keçirilən seçkilərə belə yüksək qiymət verir?!”.
Vidadi ORDAHALLI