Rauf Zeyni: “Buna heç cür obyektiv qiymətləndirmə demək olmaz”
9 dekabrda Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə dair beynəlxalq müşahidəçilər rəylərini açıqlayıblar. Erməni KİV-lərinin verdiyi məlumata görə, seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA ənənəvi mövqelərini təkrar edərək, həmin ölkədə keçirilən antidemokratik seçki prosesinə legitimlik donu geydirməyə can atıblar.
Missiyaların birgə keçirdiyi mətbuat konfransında Avropa Parlamentinin nümayəndəsi Heyd Hautala da iştirak edib. Seçkini müşahidə missiyalarının ümumi rəyi bu olub ki, Ermənistandakı seçkilər “demokratik şəraitdə, seçicilərin böyük inamını qazanaraq keçirilib”. Mətbuat konfransını keçirən missiya nümayəndələri, həmçinin, məsləhət görüblər ki, Ermənistan hakimiyyəti bu seçki “örnəyini” növbəti seçki prosesləri üçün də qoruyub saxlasın, dinamikanı əldən buraxmasın.
Məlumdur ki, Ermənistanda seçkilərin saxtakarlıqla və çox aşağı, yəni 48 faizlik seçici iştirakı ilə baş tutduğunu erməni mənbələri də təsdiqləyirlər. Belə olan təqdirdə, ATƏT və AŞPA hansı seçici etibarı və məmnunluğundan danışırlar? Bunu həmin missiyaların Ermənistana münasibətdə sərgilədikləri ənənəvi ikili standartın bariz nümunəsi saymaq olarmı?
Milli Qeyri-Hökumət Forumunun prezidenti Rauf Zeyni qəzetimizə bildirdi ki, həmin missiyalardan elə bu cür də münasibət gözlənilirdi: “Bir daha sübut olundu ki, onlar Ermənistan adlanan ölkəyə öz maraqlarından irəli gələrək münasibət açıqlayıblar. ATƏT-in məşhur DTİHB missiyasının qərəzi ilə biz bir neçə dəfə rastlaşmışıq. Yadınıza gəlirsə, məhz həmin missiya keçmişdə çox qısa bir zaman fərqi ilə həm Ermənistanda, həm də Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmişdi. Orada namizədləri küçənin ortasında güllələmişdilər, burada isə normal, demokratik seçki keçirilmişdi. Yekun qiymətləndirmədə üstünlüyü onlara vermişdilər. Biz bu qərəzlərin dəfələrlə şahidi olmuşuq. Onların saxta qərarı həm də Ermənistanda hakimiyyəti zəbt edən siyasi qüvvənin nisbətən Qərbə meylli olması ilə əlaqəlidir. Ermənistandakı son seçkiləri özləri tarixlərində ən biabırçı adlandırırlar. Açın erməni saytlarını oxuyun. Amma bunlar görürsünüz ki, necə şəffaflıq donu geydirirlər. Mən bunu həm də onların antirus meyllərinə olan inamı saxlamaq istəyilə əlaqələndirə bilərəm. Bütün gücləri ilə Ermənistanı Rusiyanın təsirindən qoparmağa çalışırlar. Sözügedən missiyaların seçkiyə verdiyi qiyməti mən daha çox ikili standartlardan irəli gələn və Qərbin öz maraqlarına uyğun olan dəyərləndirmə sayıram. Buna heç cür obyektiv qiymətləndirmə demək olmaz”.
Məhəmmədəli QƏRİBLİ