Fikrət Sadıqov: “Görsələr ki, Paşinyan Kremlə arxa çevirir, o zaman Ermənistanda yeni fiqurlar ortaya çıxarılacaq”
Məlum olduğu kimi, Ermənistan tarixində ilk növbədənkənar seçkilər keçirildi. Gözlənildiyi kimi, 5 il müddətinə seçilmiş yeni parlamentdə ancaq Nikol Paşinyan və onun "məxməri inqilab" üzrə tərəfdarları üstünlük əldə ediblər. Lakin Ermənistan Konstitusiyası 1/3 deputat yerinə zəmanət verir.
Odur ki, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının özlərini konstruktiv müxalifət elan edəcəklərini gözləmək olar. Əvvəlki hakim partiya və onun tərəfdarları parlamentə düşə bilməyiblər.
Seçkidə iştirak edən digər siyasi qüvvələr şanslarının zəif olduğunu dərk edirdilər. Onların məqsədi parlamentdə heç olmasa müəyyən qədər səs toplayıb, Paşinyanın mütləq üstünlük əldə etməsinə imkan verməmək və ona qarşı müxalifət təşkil etməkdən ibarət idi. Lakin onlar buna nail ola bilmədilər. Beləliklə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və bu yaxınlara qədər nüfuzlu sayılan qüvvələrin hamısı kənarda qalıb. Yaxın vaxtlarda həmin qüvvələrin birləşərək Paşinyan hökumətinə qarşı vahid blokda çıxış edəcəyini gözləmək olar.
Rusiya bundan sonra Ermənistanda hansı müxalif qüvvələrə dəstək verməkdə maraqlı olacaq? Yəni Ermənistanda rusiyayönümlü müxalif qüvvələrin kimin ətrafında cəmləşməsini istəyəcək? Maraq doğuran bu suallar ətrafında təhlillər aparılır. Bəzi məlumatlara görə, siyasi partiyalar arasında açıq rusiyayönümlü qüvvə oliqarx Tsarukyanın "Ciçəklənən Ermənistan" partiyasıdır. Güman edilir ki, bu partiya parlamentdə təmsil olunduğu üçün, bu qüvvələrə stavka edilə bilər. Çünki “Respublika” partiyası rusiyayönümlü olsa da, parlamentə düşə bilməyib. Mövcud qanunvericiliyə əsasən, parlamentdə minimum 3 partiya təmsil olunmalıdır. Eyni zamanda, heç bir partiya parlamentdə yerlərin 2/3-ni, yaxud 66 faizindən çoxunu əldə edə bilməz. Səslərin heç olmasa 33 faizi, yəni 1/3-i müxalifət partiyasına verilməlidir. İkinci yeri rusiyayönümlü Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyasının tutması Paşinyanın Rusiyaya düşmən münasibəti bəsləmədiyinə, KTMT və AİB-dən çıxmayacağına təminat kimi də görünə bilər.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Ermənistanda rusiyayönümlü qüvvələr kimin ətrafında cəmləşə bilərlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Rusiyanın bundan sonra “Respublika” partiyasına dəstək verəcəyi gözlənilmir: “Əvvəla Paşinyan bütün vasitələrdən istifadə etdi ki, rəqibləri sıradan çıxsın, neytrallaşsın və seçkidə uğur əldə edə bilməsinlər. Çünki parlamentə onun bloku və bir də onun partnyorları düşüb. Bu, faktiki olaraq, təkbaşına ölkəyə rəhbərlik etmək deməkdir. Ancaq düşünmürəm ki, bütün bu proseslər Rusiyanı qane edir. Onlar başa düşürlər ki, Rusiya tərəfdarı olan qüvvələr faktiki olaraq kənarlaşdırılıblar. Bütün bunlara rəğmən, əmin deyiləm ki, Moskva yenidən “Respublika” partiyasına, “Qarabağ klanı”na üstünlük versin. Düşünürəm ki, hazırda və yaxın gələcəkdə Paşinyanın siyasi addımlarından çox şey asılı olacaq. Onun Rusiyaya olan münasibəti və Qərbə yaxınlığı bunu müəyyən edər. Moskvada görsələr ki, Paşinyan Kremlə arxa çevirir, o zaman Ermənistanda yeni fiqurlar ortaya çıxarılacaq. Bu minvalla, Ermənistanda Paşinyana qarşı yeni qüvvələr meydana gələcək. Reallıq ondan ibarətdir ki, Ermənistanda bir sıra partiyalar Paşinyanın hərəkətlərindən razı deyillər. Hər halda, prosesdən kənarda qalan siyasi qüvvələr bəlli bir müddət ərzində hazırlaşıb çalışacaqlar ki, Moskvaya arxalanıb Paşinyandan revanş alsınlar. Bunun nə vaxt baş verəcəyini konkret demək çətindir. Ancaq bu haçansa baş verə bilər”.
Vidadi ORDAHALLI