Qasım Hacıyev: “ATƏT, Avropa İttifaqı, digər təsisatlar da Ermənistanda seçkilərin saxtalaşdırılmasına göz yummaqla...”
Dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatsa da, onun nəticələri hələ də müzakirə edilir. Ermənistan vətəndaşlarının cəmi 48 faizinin səsvermədə iştirak etməsini elə bu ölkənin öz mediası yazır. Seçkilərdə kütləvi saxtakarlıq hallarının baş verməsi faktı da ermənilər tərərəfindən etiraf edilir.
Buna baxmayaraq, Avropanın bəzi təsisatları, o cümlədən də Avropa İttifaqı, ATƏT Ermənisanda növbədənkənar parlament seçkilərinin azad və demokratik (?) keçdiyini bəyan edir və öz bəyanatları ilə açıq-aşkar saxtakarlığa göz yumduqlarını təsqdiqləyirlər. Ermənistana yanaşmada hər zaman fərqli mövqe tutan bu təsisatlar bu dəfə də öz əməllərindən qalmayıblar.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, bu ölkədə keçirilən növbədənkənar parlament seçkiləri rəhbərlik etdiyi şöbənin əməkdaşları tərəfindən yaxından izlənib. Q.Hacıyevin dediyinə görə, seçkidə günün birinci yarısında, demək olar ki, seçici fəallığı olmayıb. Günortadan sonra birdən-birə “seçki fəallığı”nın artmasının sünü təsir bağışladığını deyən Q.Hacıyevin sözlərinə görə, bütün ölkələrin seçki təcrübəsi göstərir ki, əsas seçki fəallığı günün birinci yarısında müşahidə edilir, Ermənistanda isə tam fərqli olub. “Bizim şöbə seçki günü Ermənistan mətbuatı vasitəsilə seçki prosesini çox diqqətlə izləyib. Bu seçkidə seçici fəallığı, demək olar ki, çox zəif olub. Bu da Ermənistan cəmiyyətinin mövcud hökumətə inamsızlığının göstəricisidir. Ermənilər bilirlər ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkəyə müsbət heç nə vəd etmir. Açıq deyək ki, həmişə olduğu kimi, bu dəfə də seçkilərdə ciddi qanun pozuntuları baş verib, lakin çox təəssüf ki, Avropanın bəzi siyasi qurumları Ermənistandakı seçkilərin “şəffaf, ədalətli” keçdiyini bəyan edirlər. Bu da tam gözlənilən idi. Çünki zaman-zaman həmin qurumlar Azərbaycana yanaşmada ikili standart sərgiləsə də, Ermənistana hər zaman canıyananlıq göstəriblər. ATƏT, Avropa İttifaqı, digər təsisatlar da Ermənistanda seçkilərin saxtalaşdırılmasına göz yummaqla onlara öz rəğbətlərini ifadə edirlər. Bu yanaşma qəbul edilən deyil. Həmin qurumların ermənilərin tərəfini tutmasına ən bariz nümunə odur ki, Azərbaycan həqiqətləri həmin qurumlarda müzakirə edilərkən əsasən ermənilərin maraqları müdafiə olunub, ölkəmizə isə ikili yanaşma sərgilənib”. Q.Hacıyev qeyd etdi ki, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərdə həmin qurumlar Azərbaycana deyil, Ermənistana tərəf olduqlarını gizlətməyiblər. Sözügedən qurumların Ermənisatnda keçirilən son parlamet seçkilərinin nəticələrini “tanıması”nın bir səbəbinin də xristian həmrəyliyi ilə bağlı olduğunu deyən mütəxəssisin bildirdiyinə görə, ermənilərə dəstək verənlər Türkiyəni istəməyən qüvvələrdir. Bundan başqa, şöbə müdiri bildirdi ki, Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Rusiyanın da böyük marağı olub. Bu qurumlarda, bəzi Avropa dövlətlərində müsəlmanlara, türklərə qarşı ayrıseçkiliyin hökm sürdüyünü deyən Q.Hacıyevin sözlərinə görə, xristian ölkələrində keçirilən seçkilərə həmin təsisatlar sərt reaksiya vermir, lakin Azərbaycanda və digər ölkələrdə keçirilən seçkilər ciddi şəkildə təftiş edilir. “Ermənistanda bu qədər qanunsuzluq baş verir, ancaq ona mənfi reakiya verilmir. Ancaq müsəlman, türk ölkələrində keçirilən seçkilərə daim saxtakarlıq donu geydirməyə çalışırlar. Ermənistan qanunsuzluq edir, seçkilərdə kütləvi saxtakarlığa yol verir, lakin ona bəzi qurumlar “gözün üstə qaşın var” demir, Azərbaycanda keçirilən şəffaf seçkilərdə nöqtə, vergül axtarırlar. Halbuki, ölkəmizdə keçirilən seçkilər bütün ölkələrə müsbət bir örnəkdir” - deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA