Aydın Mirzəzadə: “Qondarma rejimin dəyişdirilməsi Paşinyan üçün...”
Ermənistanda baş tutan seçkinin nəticələri həmin ölkənin daxilindəki dəngələri də dəyişmiş oldu. Artıq tam sübut olunur ki, oradakı mübarizə hansısa ideoloji çərçivədə deyil, regional münasibətlərin aydınlaşdırılması fonunda yaşanıb.
Son nəticələrə görə Ermənistanda “Qarabağ klanı” kimi tanınan qüvvələr siyasi arenadan sıxışdırılır. Bəllidir ki, Ermənistanı Paşinyana qədər idarə edən Robert Köçəryan və Serj Sarkisyan “Qarabağ klanı”nın nümayəndələri olublar. Paşinyan isə yerli ermənilərin təmsilçisi sayılır. Onun bu ilin əvvəlində etdiyi “məxməri inqilab”ın da əsas süarları məhz regional klanlarla mübarizəni əhatə edirdi. Hazırkı mənzərə göz önündədir. Paşinyanın təmsilçisi olduğu yerli ermənilər “Qarabağ klanı” üzərində parlaq qələbələrini təmin ediblər. Artıq Ermənistan KİV-lərində belə bir təbliğata start verilib ki, “məxməri inqilab”ın növbəti mərhələsi Dağlıq Qarabağdakı separatçı rejimin devrilməsini əhatə etməlidir. Bildirilir ki, hətta “Sosna Tsrer” adlı radikal qruplaşmanın əli ilə orada çevriliş də həyata keçirilə bilər. Separatçılarla Paşinyan komandası arasındakı gərginliyin olması seçkiqabağı təşviqat prosesində də özünü aydın şəkildə büruzə verirdi. Həmin polemikalarda Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyinin ünvanına kəskin ifadələr işlədirdi. Hətta qeyd edirdi ki, onların heç birinin övladı orduda qulluq etməyib.
Yaxın zamanlarda “məxməri inqilab”ın nəticələrinin Dağlıq Qarabağdakı separatçı rejimi də əhatə edəcəyi və bunun nəticəsində onların hakimiyyətdən salınacağına dair səslənən fikirləri nə dərəcədə real saymaq olar?
Millət vəkili Aydın Mirzəzadə qəzetimizə bildirdi ki, Dağlıq Qarabağdakı qondarma rejim onsuz da simvolik əhəmiyyətə malikdir: “Hesab edirəm ki, əsas məsələ odur ki, yeni hakimiyyət Dağlıq Qarabağ probleminin həll edilməsini özünün əsas məsələsi saysın, qarşısına qoyduğu hədəf olaraq qəbul etsin. İşğal edilmiş zonada olan rejim onsuz da oyuncaq mahiyyəti daşıyır. Onun dəyişilməsi və ya qalması Paşinyan üçün elə bil ciddi əhəmiyyət kəsb etmir. Ermənistan xüsusi xidmət orqanlarının bir qrup sabiq əməkdaşı və hərbçiləri orada rəhbər vəzifələrə təyin olunub. Bununla da guya orada Ermənistandan müstəqil olan rejimin mövcudluğu ilə bağlı görüntü yaradırlar. Biz bilirik ki, işğal altında saxlanan zonada əhali qalmayıb. Orada əsasən Ermənistan ordusunun hərbi hissələri və zabitlərin ailələri məskunlaşıb. Hesab edirəm ki, Paşinyan gələcək siyasətində Köçəryan və Sarkisyana xas olan tərzdə Dağlıq Qarabağ xəttini yeridəcəksə, onda onun heç bir perspektivi yoxdur. Qarşısına qoyduğu heç bir məsələni həll edə bilməyəcək. Bunun üçün ona Dağlıq Qarabağdakı rejimi dəyişmək yox, Ermənistanı blokadadan azad etmək lazımdır. Həmin ölkənin xilası yalnız bu üsulla ola bilər. Paşinyanın hakimiyyətə gəlməsinin kökündə həm də Dağlıq Qarabağ probleminin bir ağır yük olaraq Ermənistanın boynundan asılması dururdu. Hər halda, gələcək göstərəcək ki, Paşinyan öz xələflərinin səhvindən nə dərəcədə nəticə çıxarıb. Bir sözlə, qondarma rejimin dəyişdirilməsi Paşinyan üçün elə bir çətinlik yaratmır ki, orada hansısa inqilabi proses başlatsın”.
Məhəmmədəli QƏRİBLİ