Məhərrəm Zülfüqarlı: “Bu səbəbdən MDB dövlət başçıları Paşinyanı təbrik etmir və ya buna tələsmirlər”
Ermənistanda növbədənkənar parlament seçkiləri yekunlaşsa da, seçkilərlə bağlı qaranlıq məqamların çoxluğu səbəbindən bu ölkədə gərginlik azalmaq bilmir. Hətta siyasi analitiklər belə, seçkidə qalib gələn Nikol Paşinyanın komandasının tezliklə devriləcəyini proqnozlaşdırırlar. Robert Köçəryanın tərəfdarları isə Paşinyana qarşı aksiyalar keçirirlər.
Müşahidələr göstərir ki, saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir. Ermənistanda növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları göstərir ki, Nikol Paşinyan qalib gəlmək üçün seçkilərin saxtalaşdırılması yolunu tutub. O bu seçkilərə hazırlaşarkən fikirləşirdi ki, xalq onun çıxışlarına və verdiyi vədlərə inanaraq səsvermədə daha fəal olacaq. Amma bunun əksi baş verdi. Ölkə tarixində görünməmiş seçici passivliyi müşahidə olundu. Səsvermə hüququ olanların 48 faizi seçkidə iştirak etdi. Ermənistan mətbuatı yazır ki, səsverməyə gedənlərin əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Gənclər isə heç bir fəallıq göstərmədilər. Nəticədə Ermənistan tarixində görünməmiş seçki oldu. İndiyə qədər keçirilən seçkilərin heç birində bu qədər aşağı seçici fəallığı olmayıb.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Müstəqil Dövlətlər Birliyi ölkələri Ermənistanda keçirilən seçkilərə passiv münasibət bəsləyirlər. Düzdür, MDB-ni təmsil edən müşahidə missiyası bu ölkədə olub, amma bu əsasən formal xarakter daşıyır. Ən maraqlı məqam isə ondan ibarətdir ki, Moldovanı çıxmaq şərtilə, digər MDB dövlət başçıları Paşinyanı indiyə qədər təbrik etməyiblər. Baxmayaraq ki, artıq neçə gündür bu ölkədə seçkilər başa çatıb.
Maraqlıdır, ekspertlər bunun səbəbini necə izah edirlər?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı bunu bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi Ermənistandakı hazırkı rəhbərliklə Rusiya arasında olan ziddiyyətlərdir. Həmçinin, Rusiyanın yaxın müttəfiqi olan MDB ölkələri ilə Ermənistan arasında olan soyuqluqla izah etmək olar. Çünki Paşinyan baş nazir olandan bu soyuqluq var idi. Xüsusilə də Paşinyanın son addımları ondan olan narazılığı daha da artırdı. Söhbət KTMT-yə sədr məsələsində Paşinyanın göstərdiyi həyasızlıqdan və Qərbə doğru siyasi reveranslar etməsindən gedir. Məsələ ondadır ki, Paşinyanın Qərb ölkələri ilə yaxınlaşma xətti götürməsi göz qabağındadır. Avropa İttifaqı hətta Ermənistana müəyyən şərtlərlə vəsait də ayırıb. Paşinyanın həmin şərtlərin arxasınca getməsi MDB ölkələrini, xüsusən də bu qurumda Rusiyanın müttəfiqi olan ölkələri narazı salıb. Bu səbəbdən MDB dövlət başçıları Paşinyanı təbrik etmir və ya buna tələsmirlər. Ona görə də, demək olar, ortada Paşinyana yönəlik təbrik yoxdur. Hesab edirəm ki, Ermənistanın MDB dövlətləri ilə münasibətlərində ziddiyyətlər bundan sonra daha da dərinləşəcək. Ən azından, Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyanın apardığı qeyri-sağlam siyasət belə qənaətə gəlməyə əsas verir. Çünki bu ölkədə proseslər artıq neçə vaxtdır həmin istiqamətdə inkişaf edir”.
Vidadi ORDAHALLI