Qabil Hüseynli: “Hazırda Azərbaycan-Fransa münasibətlərində soyuq küləklər əsməsinin səbəbi Makronun qeyri-obyektiv, ermənipərəst siyasəti ilə qırılmaz surətdə bağlıdır”
Fransada baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Ölkənin daxildən çalxalanması hakimiyyətə yeni gələn Emmanuel Makronun bütün istiqamətlər üzrə yanlış siyasət həyata keçirdiyini ortaya qoydu.
Etiraf etmək lazımdır ki, Azərbaycanın hələ Fransada baş verən hadisələrdən əvvəl Parislə münasibətləri soyumağa başladı. Bunun da kökündə başlıca olaraq Makronun erməni lobbisinin təsiri altına düşərək sırf ermənipərəst siyasət yürütməsi oldu. Qeyd edək ki, Azərbaycanın Fransa ilə münasibətləri Makrona qədərki dövrdə normal olub. Həmin ölkə ilə Azərbaycanın əlaqələrinin indiki vəziyyətə gəlib çıxmasında Makronun erməni lobbisi və digər anti-Azərbaycan qüvvələrin təsiri altına düşməsi nə dərəcədə rol oynadı?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Fransa ilə Azərbaycanın arasındakı münasibətlər Makrona qədərki dönəmdə normal məcrada davam edib: “Fransada güclü erməni lobbisinin olması danılmaz faktdır. Onlar hər zaman Fransa prezidentlərinə, həmin ölkənin Senatına təsir etmək gücündə olublar. Bunu biz inkar etmirik. Ancaq Makrondan əvvəlki ölkə başçıları bu məsələdə Fransanın milli və dövləti maraqlarını da nəzərə alıblar. Ən başlıcası isə, Fransanın dünya miqyasındakı nüfuzunu düşünüblər. Makronun davranışları isə təcrübəli siyasət adamına xas olan tərzdə deyildi. Qısa müddət ərzində o, Azərbaycanla münasibətləri gərgin vəziyyətə gətirib çatdıra bildi. Bilirsiniz ki, bəzi ölkələr Ermənistanla Azərbaycan arasında yaşanan konfliktə görə balanslı siyasət yürüdürlər. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələri bura aid edə bilərik. Məsələn, biz daim müşahidə edirik ki, həmin ölkələrin rəhbərləri regiona səfər edəndə ardıcıl olaraq hər iki ölkəni ziyarət edirlər. Makron isə belə nüanslara ciddi fikir vermədi. Bütün bunlar bir daha sübut edir ki, o, aşırı dərəcədə erməni lobbisinin və Azərbaycanı sevməyən qüvvələrin təsiri altındadır”.
Politoloqun sözlərinə görə, məhz bunun nəticəsidir ki, Azərbaycan da Makronun özünün iştirakı ilə Bakı ilə Paris arasında imzalanmış bəzi müqavilələrin həyata keçirilməsini müvəqqəti olaraq dayandırdı: “Azərbaycanı buna təhrik edən hərəkətlərdən biri də Frankofoniya sammitindən sonra Fransanın bir sıra iri bələdiyyələrinin qondarma “DQR”ə qanunsuz səfəri, orada “bələdiyyələr”lə müqavilələr imzalamaları oldu. Bu, birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilə idi. Bu nöqteyi-nəzərdən Fransa Dağlıq Qarabağ məsələsində bir daha kimin tərəfində olduğunu əyani şəkildə ortaya qoydu. Makron hökuməti özünə bəraət qazandıraraq, bələdiyyələrin müstəqil olduğunu söyləsə də, bu, Azərbaycan tərəfindən tutarlı fakt kimi qəbul edilmədi və lazımi qiymət verildi. Hazırda Azərbaycan-Fransa münasibətlərində soyuq küləklər əsməsinin səbəbi Makronun qeyri-obyektiv, ermənipərəst siyasəti ilə qırılmaz surətdə bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ