Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçiriləcək. Bu barədə Prezident İlham Əliyev tərəfindən Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib.
K.Skaparrotti dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd edib, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirib.
Qeyd edək ki, bu görüş Yaxın Şərq və xüsusilə Ukrayna ilə Rusiya arasında Azov dəznizində yaşanan gərginlik fonunda baş verir. Ukraynanı dəstəkləyən Qərbin də bölgədə fəallaşması vəziyyəti daha da təhlükəli vəziyyətə gətirir. Bu mənada hesab edilir ki, tərəflər problemi mütləq şəkildə danışıqlar stolu arxasında çözməlidir. Çünki, tərəflər arasında qarşıdurma dünyanı daha böyük fəlakətlərə sürükləyə bilər.
Tərəflərin dialoq məkanı kimi seçdiyi məkan qismində isə yenə Azərbaycan paytaxtı çıxış edir. Bu fonda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov görüş üçün Bakıya gəlib. Bu Rusiya və NATO ali hərbi rəhbərlərinin Bakıda keçirilən ikinci görüşüdür.
Xatırladaq ki, yüksək çinli hərbçilərin Bakı görüşləri ilə bağlı artıq müsbət ənənə və təcrübə formalaşıb. Belə ki, hələ ötən ilin əvvəlində Azərbaycan paytaxtında Amerika və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü keçirilib. O vaxt Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri olan Cozef Danfordla Valeri Gerasimovun məhz Bakıda bir araya gəlməsi Azərbaycanın dunya miqyasında neytral statusunun nə dərəcədə önəm kəsb etdiyini və aparıcı ölkələr tərəfindən qəbul edildyini aydın surətdə göstərdi. Generalların o vaxtkı Bakı görüşü həqiqətən ciddi və prinsipial əhəmiyyətli hadisəyə çevrildi. Qərb və Rusiyanın müxtəlif regionlarda qarşı-qarşıya gəlməsinə məhz Bakıda müəyyən qədər son qoyuldu.
Tərəflərin görüş üçün Bakını seçməsi adi hadisə deyil və onun kökündə Azərbaycan tərəfinin illərdir apardığı qətiyyətli, əsaslı və müstəqil xarici siyasət kursu dayanır. Elə bunun nəticəsidir ki, 2017-ci ilin sentyabrında növbəti dəfə NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel yenə məhz Bakıda Valeri Gerasimovla görüş keçirdi.
İndi isə NATO və Rusiya ali hərbi rəhbərləri növbəti dəfə Bakıda bir araya gəlir. Bir daha qeyd edək ki, NATO və Amerika ordu komandanlarının indiki gərgin geosiyasi vəziyyətdə Rusiya ordu komandanı ilə görüş üçün Bakını seçməsi Azərbaycanın regiondakı siyasi-coğrafi mövqelərindən, hər iki qarşı duran güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Belə görüşlərdə generallar hansısa lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparır. Ekspert və siyasətçilərin diqqətini də daha çox məhz bu məqam çəkir və qeyd olunur ki, iki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilməsi o deməkdir ki, geosiyasi proseslərin dinamikasında Azərbaycan daha böyük önəm kəsb etməyə başlayıb. Bu səbəbdəndir ki, Qafqaz regionunda etibarlı ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqam regional və qlobal siyasətdə Bakının rolunun artmasının da real təsdiqidir. Azərbaycanın balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdırması isə ölkəmizə əlavə üstünlüklər qazandırır. Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışır və bunun nəticələri artıq özünü büruzə verir. Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin ölkəmizə bərabərhüquqlu tərəfdaş kimi yanaşması da Azərbaycanın uğurlu siyasətinin nəticəsi hesab olunur.
TAHİR