Ramil Hüseynov: “Məsələ ondadır ki, “erməni soyqırımı” adı altında keçirilən bu və digər tədbirlər siyasi alver xarakterlidir”
Uğursuz Frankofoniya tədbirindən sonra ermənilər daha bir qlobal mahiyyətli tədbirə evsahibliyi etmək istəyi uğursuzluğa düçar oldu. Söhbət bir müddət əvvəl təxirə salınan və daha sonra Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Soyqırım cinayətləri əleyhinə” adlı üçüncü qlobal forumundan gedir.
Tarixdə ən dəhşətli soyqırımları törədən bir ölkə olan Ermənistanın bu adda qlobal tədbirə evsahibliyi etməsi ikrah hissi yaradır. Ermənilər 2015-ci ildə “ermənilərin genosidinin 100 illiyi” ilə bağlı “Soyqırım cinayətləri əleyhinə” adlı I forum keçiriblər, 2016-cı ildə də II forum baş tutub və burada 60 ölkə təmsil olunub. Ancaq növbəti forum daha biabırçı xarakterlidir. Məsələ ondadır ki, ermənilər foruma qatılanların adlarını açıqlamırlar. Bir sıra formal xarakterli mərasimlər keçirildiyi barədə məlumat veriblər.
Bütün bunlar bir daha onu göstərir ki, erməni yalanlarına dünya ictimaiyyəti artıq inanmır. Hansı ad altında tədbir keçirmələrindən asılı olamayaraq, erməni yalanlarına inananların sayı hər keçən gün azalır. Ermənilər daha özləri barədə yaratdıqları yazıq obrazlarla kimlərisə aldada bilmirlər. Belə olmasaydı, o zaman ermənilər tədbirə gələnlərin siyahısı barədə dünyaya car çəkərdilər. Göründüyü kimi, ermənilər böyük fiaskoya uğrayıblar.
Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun sözlərinə görə, uğursuz Frankofoniya tədbirindən sonra sözügedən forumun özünü doğrultmayacağı gözlənilən idi: “Reallıq ondan ibarətdir ki, artıq dünya ictimaiyyəti, əvvəlki kimi, ermənilərin yalan üzərində qurulan təbliğatının təsiri altına düşmür. Məsələ ondadır ki, “erməni soyqırımı” adı altında keçirilən bu və digər tədbirlər siyasi alver xarakterlidir. Ermənilər bununla əvvəllər hansısa dividendlər əldə edirdilərsə, artıq get-gedə bu taktika özünü doğrultmur. Məsələn, qondarma “soyqrım”ın 100 illiyi ilə bağlı ermənilərin gözləntiləri böyük idi. Ancaq 2015-ci ildə bununla bağlı gözləntilər özünü doğrultmadı və vəziyyət tam fərqli istiqamətdə inkişaf etməyə başladı. Bu baxımdan hesab edirəm ki, erməni yalanlarının axırına çıxmaq üçün biz bütün təbliğat, təşviqat vasitələrini işə salmalıyıq. Bütün müstəvilərdə mübarizə genişləndirilməlidir. Xüsusən də dünya miqyasında bununla bağlı işlər sürətləndirilməlidir. Bununla bağlı müxtəlif metodlardan istifadə edilməlidir. Hesab edirəm ki, bu, erməni yalanlarının ifşasına fayda verə bilər”.
Vidadi ORDAHALLI