Elşən Həsənov: “ABŞ fərqli baxışlar ortaya qoymuş müttəfiqlərini heç zaman bağışlamır”
ABŞ Prezidenti Donald Trampın Fransada baş verən hadisələrə verdiyi maraqlı reaksiyalar, səsləndirdiyi fikirlər bütün dünyanın diqqətini cəlb edib. Vəziyyət hətta o yerə çatıb ki, Fransa rəsmiləri Trampın replikalarını onların daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
Fransanın xarici işlər naziri Yan-İv Le Drian ABŞ Prezidenti Donald Trampın sosial media vasitəsilə verdiyi açıqlamaya sərt reaksiya bildirib. Nazir Trampın Fransanın daxili işlərinə qarışmamasını istəyib.
Qeyd edək ki, Tramp Fransada baş qaldıran “Sarı jiletlilər” nümayişləri ilə bağlı “Paris İqlim Müqaviləsi Fransaya yaramır. Fransada “Trampı sevirik” deyə bağırırlar. Mən də Fransanı sevirəm” sözlərini yazmışdı. Bu, ABŞ Prezidentinin Fransanın hansı addım atmalı olduğu ilə bağlı ikinci belə münasibət bildirməsi olub.
Yan-İv Le Drian isə “Biz Amerikanın daxili siyasətində iştirak etmirik. İstəyirik ki, Amerika da bizim işimizə qarışmasın. Bunu Donald Trampa mən deyirəm və bunu Prezident Makron deyir: Bizim millətimizi rahat buraxın” deyib.
Çox maraqlıdır, Tramp məlum replikaları ilə, əslində, nə demək istəyib?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Trampın bu reaksiyaları qısa cümlə və söz birləşmələri ilə ifadə edilsə də, əslində, böyük mənanı özündə ehtiva edir: “Trampın söylədiyi fikirləri anlamaq üçün o qədər də dərinlərə varmaq lazım deyil. Tramp bununla Fransaya yerini göstərmək istəyir ki, ABŞ-sız heç kimsiniz. Bildiyiniz kimi, ABŞ superdövlətdir və hər zaman müttəfiq adlandırdığı ölkələrin belə onun fikirləri ilə razılaşmasını arzulayıb.
Əslində, Trampın söylədiklərini onun şəxsi fikri kimi deyil, ABŞ dövlətinin maraqlarının Prezidentin dilindən səsləndirilməsi kimi qəbul etməliyik.
Dünyada baş verən hadisələrin fonunda, o cümlədən, İran, Suriya, İraq, Türkiyə, Rusiya və digər ölkələrdə baş verən hadisələrə nəzər salsaq, bir çox məsələlərə münasibətdə, ABŞ-Qərb tandemində kəskin fikir ayrılığının şahidi olarıq.
Öz iqtisadi və siyasi maraqlarına görə bəzi Qərb dövlətləri, o cümlədən də Fransa İran və Rusiyaya münasibətdə ABŞ-dan fərqli mövqe tutmaqdadır ki, bu da, əlbəttə, əvvəl-axır, ABŞ-ın sərt reaksiyasına səbəb olmalı idi. Xüsusilə də Makronun hakimiyyətə gəlişindən sonra Fransa ABŞ-la bir çox ciddi məsələlərdə razılaşmır.
Bu baxımdan, Tramp həmin fikirləri məhz Fransadakı iğtişaşlar zamanı təsadüfən səsləndirməyib. ABŞ Prezidentinin fikirləri ciddi narahatlıq yaratmasaydı, Fransa ona dövlət səviyyəsində reaksiya verməzdi. ABŞ hər zaman oyunlarını kollektiv şəkildə oynamağa üstünlük verən ölkədir. Fərqli baxışlar ortaya qoymuş müttəfiqlərini heç zaman bağışlamır. Tramp bununla həm də müstəqil siyasət yürütməkdə maraqlı olan digər Avropa ölkələrinə də sözlərini çatdırmış olub”.
Məhəmmədəli QƏRİBLİ