Ermənistanda növbədənkənar parlament seçkiləri fonunda istədiyi nəticəni əldə edən Nikol Paşinyan üçün daha çətin günlərin başlaması barədə verilən proqnozların sayı artır. Bu da onunla əsaslandırılır ki, Paşinyanın ölkədə sosial-iqtisadi problemləri həll etməsi üçün ölkənin xarici siyasətində ciddi dəyişikliklər etməsi vacib şərtdir.
Bura ilk növbədə Azərbaycan, Türkiyə kimi ölkələrlə münasibətlərin normal vəziyyətə gətirilməsi, işğal siyasətinə son qoyulması, Ermənistanın xarici təsir dairəsindən çıxarılması və bu qəbildən olan digər hallar daxildir. Amma indilikdə bunların edilməsi çətin göründüyündən, Paşinyanın da xalq etirazı ilə hakimiyyətdən devrilmə ehtimalı artır. Rusiyanın “regnum.ru” portalı bu xüsusda yazır: “Ermənistanda erkən parlament seçkiləri olub. MSK başçısı Tiqran Mukuçyan xəbər verib ki, səs hüququ olan vətəndaşların 48,63%-i səsverməyə qatılıb. Yəni 2 milyon 592 min seçicidən 1 milyon 260 min 479 vətəndaş səs verib. Fəallıq 2017-ci ilin aprelindəki ötən parlament seçkilərində 60,84% olub. Amma gəlişin xeyli azalmasına baxmayaraq, siyasi gücü parlamentdəki mandatların böyük çoxluğunu əldə edən və hökuməti formalaşdıran, yeni Konstitusuyaya görə dövlətin faktiki başçısı olan baş nazir vəzifəsini götürən qalib müəyyən olunub. Paşinyan icra hakimiyyətinə başçılıq etmək və qanunvericilik hakimiyyəti tərəfindən öz təşəbbüslərinə tam dəstəyi təmin etmək vəzifəsinə nail olub. Eyni zamanda o və tərəfdarları siyasi opponentlərə hər necə yanaşır-yanaşsın, onlar da indiki seçkilərin “məxməri inqilab”ın ümumxalq konsensusuna çevrilmədiyini bildirərkən haqlıdırlar.
Ermənistan vətəndaşlarının 51%-i nə lehinə, nə də əleyhinə mövqeyi tutub. Nəticədə parlament çoxluğunun xalqda mütləq dəstəyə malik olmadığı “inqilabi durum” biçimlənir. 1918-ci ilin yanvarında Müəssislər məclisinə seçkilərdə çoxluq əldə etməyən bolşeviklər 1917-cin ilin oktyabrında Petroqradda hakimiyyətə gələrkən bir zaman belə “çəngəl” qarşısında qalıblar. Partiyanın və Lenin rejiminin sonrakı siyasi təkamülü yaxşı məlumdur. “Mənim addımım” bloku bu yolu bir də gedəcəkmi? Axı o da o çağın bolşevikləri kimi tarixlə haqq-hesab çəkməyi hələlik özünün əsas siyasi resursu sayır. General Yuri Xaçaturovun, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, üçüncü prezident Serj Sarkisyanın qohumlarının işlərini yada salmaq bəs edir…
Hətta Amerikanın Ermənistandakı “inqilabi dəyişikliklərə” rəğbət göstərən “The National Interest” nəşri də Paşinyana xəbərdarlıq edir ki, “kütlə hakimiyyətinə doğru təhlükəli addım ata və siyasi müxalifəti məhv edə bilər”. Nəşr respublikada Milli Təhlükəsizlik Xidməti və Xüsusi Kəşfiyyat Xidməti strukturlarının gücləndiyi faktını qeydə alır. Yeni hökumət və parlamentin praktik olaraq böyük şəhərlərin hamısında gəlişin bərbadlığıyla bağlı işi olacaq. Paşinyann yüz minləri mitinqə topladığı ölkə paytaxtında seçki məntəqələrinin bağlandığı ana doğru seçicilərin yalnız 47,6%-i (404 599), Ermənistanın ikinci şəhəri Gümrüdə 39,22%-i (48 817), üçüncü şəhəri Vanadzorda 46,66%-i (44 949) gəlib. Bax, Paşinyan və silahdaşları belə bir şəraitdə xalqın, ölkənin, dövlətin taleyi uğrunda tam siyasi məsuliyyəti öz üzərlərinə götürürlər. Onlar indi təkcə sökmək deyil, həm də idarə etmək və möhkəmləndirmək bacarığı sərgiləməlidir.
Bir erməni politoloqunun bununla bağlı ifadə etdiyi kimi, “ağır, küt və sistemli iş dönəmi başlanır”. Problem hələ həm də bundadır ki, Paşinyan indiyədək öz daxili və xarici siyasətinin cizgilərini yalnız deklarativcəsinə göstərib. Balaca respublika Ermənistan son dərəcə dayanıqsız geopolitik durumdadır. Cənubi Qafqazda hər şey o qədər qarmaqarşıqdır ki, münasibətlərin şaxələndirilməsi, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar tapmaq haqda kağızda yazmaq, bir də mitinqlərdə danışmaq çox asandır. Konkret İrəvan haqqında – Moskva ilə münasibətlər formatını görünən “şaquli müstəvidən üfüqi müstəviyə keçirmək”, eyni zamanda üçüncü tərəfə boylanmadan “Gürcüstan və İranla münasibət saxlamaq üçün Qərblə, Asiya – Hindistan, Çin, Yaponiya” ilə münasibətləri “strateji tərəfdaşlıq səviyyəsində qurmaq”, xarici yatırımların cəlbi haqda fikir yürütmək. Ya da “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi kontekstindəki” hansısa dəyişiklikləri bəyan etmək.
Məşhur alman politolqu Aleksandr Rarın hesab etdiyi kimi, Paşinyan “Avropa Birliyi ilə əməkdaşlığı fəallaşdırmaq yolu ilə Qərblə yaxınlaşmada yeni forma yaratmaq imkanları axtarsa” da, onun sələfləri də beləcə bir siyasət elan etmişdilər. Bununla yanaşı, “Mənim addımım”ın lideri Rusiya kartını belə, ya elə oynamağa çalışır. Əlbəttə, ona bu icazəni versələr. Axı qərbdə Türkiyə və cənubda İranla həmsərhəd olan, Rusiyadan yalnız Gürcüstanın ayırdığı Ermənsitan qabaqkı kimi geopolitik burulğanlıq zonasında yerləşir. O, yüzilliklər boyu rəqabət aparan imperiyaların kəsişməsində yerləşməklə zaman-zaman öz dövlətçiliyini itirərək, bir qayda olaraq uduzub. Bu dəfə necə olacaq?”. Rusiya portalının bu yazdığından göründüyü kimi, Ermənistan yenə dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Qeyd edək ki, bundan öncə “Chatham House” analitik mərkəzinin təmsilçisi Lourens Broers də bunu təsdiq edir: “Paşinyan özünün şəxsi populyarlığından həzz alır və onun qarşısındakıların hamısını silib-süpürərək ölkədə yeganə dominant fiqur olmaq təhlükəsi var”. Broersin fikrincə, Ermənistan uzun illərdir ki, bir sıra sahələrdə genişmiqyaslı islahatlara ehtiyac duyur, lakin bu islahatların tam effektivliyi üçün hesabatlılıq başlıca meyardır. Bu mənada, çətin ki, Paşinyan Ermənistanda təkhakimiyyətliliyə nail olduqdan sonra parlamentdə hökumətin səhv qərarlarını mühakimə edəcək sağlam müxalifət formalaşsın: “Postsovet ölkələrində tez-tez populyar üsyanlar yolu ilə hakimiyyətə gətirilən islahatçı liderlər daha sonra gücü öz əllərində mərkəzləşdirir və leqitimliklərini itirirlər. Paşinyan da inqilab yolu ilə baş nazir kimi hakimiyyətə gəldi. Amma parlament əvvəlki hakimiyyətin nəzarətində idi. Digər postsovet ölkələrinin təcrübəsindən də görürük ki, inqilabdan sonra bütün hakimiyyəti ələ alan liderlər uzunmüddətli islahatlar və siyasi dəyişikliklərlə bağlı xalqı məyus ediblər. Paşinyan həm də gənc və təcrübəsiz elitləri hökumətə gətirib və şübhəsiz ki, onlar gələcəkdə səhvlər buraxacaqlar. Və məsələ də ondadır ki, hökumətin bu cür səhvlərinə görə Paşinyandan hansı siyasi qüvvələr hesab soraraq onu məsuliyyətə cəlb edə biləcək?". Politoloq Ermənistanın Rusiya ilə münasibətlərinin gələcəyinə də toxunub: “Ermənistan xalqı avtoritar və oliqarx rejimlərdən canını qurtarmaqda niyyətlidir, amma Rusiya ilə sıx müttəfiqlik əlaqələrini saxlamaqla buna necə nail olacaqları Ermənistan-Rusiya münasibətlərini ciddi sınağa çəkəcək. Lakin enerji və nəqliyyat kimi strateji sferalar da daxil olmaqla, iqtisadiyyatın başlıca sahələrində Ermənistan oliqarxlarının ruslarla əlaqələrinin pozulması Paşinyanın həmin oliqarxların yerli erməni müştəriləri, o cümlədən də Rusiya dövləti və kommersiya fiqurları ilə münaqişəyə girməsini qaçılmaz edəcək”. Bu mənada istisna olunmur ki, əsas müxalifətin parlamentə girişini blokladıqdan sonra vəd etdiyi iqtisadi-sosial islahatları yerinə yetirmədiyi halda Paşinyanı da digər məxməri inqilab liderlərinin aqibəti gözləyir.
Nahid SALAYEV