Elşən Manafov: “Ancaq MDB məkanında bu cür hadisələr baş versəydi, o zaman geosiyasi məsələlər kontekstində buna yanaşılacaqdı”
Məlum olduğu kimi, Fransanın paytaxtı Parisdə noyabrın 17-dən etibarən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "Sarı jiletlilər" adlandırılıb. Rəsmi məlumata görə, dekabrın 1-i etiraz aksiyalarında rekord sayda, yəni 287 min insan iştirak edib.
Aksiyalar zamanı polis tərəfindən saxlananların sayı isə 1800 nəfəri keçib. Nümayişlərlə bağlı paytaxt Parisdə zirehli maşınlar hazır vəziyyətə gətirilib. Polis “Sarı jiletlilər“i gözyaşardıcı qazlardan istifadə edərək yatırmağa çalışır. Polislə qarşıdurmalar zamanı 130-dan çox ölkə vətəndaşı yaralanıb. Müşahidələr göstərir ki, insan hüquqlarından, demokratiyadan dəm vuran Fransada etirazçılara qarşı polis ciddi zorakılıq tətbiq edir, onlarla insanın yaralandığı bildirilir. Yanacağın qiymətinin hökumət tərəfindən artırılmasına etiraz edən insanlar hələ də polisin zorakılığına məruz qalırlar. Bu səbəbdən də etirazlar bu günə kimi davam edir.
Kütləvi aksiyalara görə Fransa hakimiyyəti geri addım ataraq yanacağın qiymətinin artırılması barədə qərarının icrasını 6 aylığa dayandırmaq qərarına gəlib. Bu qərardan sonra isə qiymət artımlarının 2019-cu il üçün ləğv edildiyi açıqlanıb. Ancaq buna baxmayaraq, ölkədə etirazlar səngimək bilmir. Şənbə günü etirazların daha geniş miqyas alacağı gözlənir. Görünən odur ki, sadə fransalılar ölkədəki iqtisadi çətinliklərə qarşı etiraz edərkən polisin zorakılığı ilə üzləşirlər və bu get-gedə daha kütləvi hal alır. İnsanların kütləvi şəkildə həbs edilməsi isə demokratiya və insan hüquqları prinsiplərinə sığmır. Məhkəmə prosesi olmadan etirazçıların zindana atılması insan hüquqlarına dair bütün beynəlxalq konvensiyalara ziddir.
Ən maraqlısı odur ki, Fransada etirazçılara tətbiq olunan polis zorakılığına, kütləvi həbslərə Avropa təsisatları münasibət bildirmirlər. Prosesləri sakitcə seyr edirlər. İndiyə qədər ATƏT, AŞPA, Avropa Parlamenti, Avropa Komissiyası aksiyaların yatırılması zamanı insan hüquqlarının pozulmasına öz münasibətlərini bildirməyiblər. Sözügedən məsələdə ikili standart göz qabağındadır. Ancaq buna bənzər hal hansısa digər ölkədə, xüsusən də postsovet ölkələrində baş versəydi, dərhal sözügedən qurumlar buna öz reaksiyalarını bildirərdilər.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bunu bir sıra amillərlə əlaqələndirdi: “Adətən belə aksiyaların qarşısının alınması zamanı ölkə qanunvericiliyinə əməl etmək lazımdır. Fransa vətəndaşlarının Makron hökumətinə etiraz etmək hüququ var. Lakin istənilən etiraz qanun çərçivəsində olmalıdır. Reallıq ondan ibarətdir ki, ölkə əhalisi içərisində Makronun apardığı siyasətdən narazı olanlar var. İlk əvvəl polisin etirazçılara qarşı münasibəti qanun çərçivəsində idisə, sonra bu münasibət radikal tərzdə dəyişməyə başladı. Fransada iğtişaşların bir sıra fərqli səbəbləri var. Məsələ ondadır ki, Fransa Avropa məkanı və dünyada ən ağır vergi sisteminə malik ölkə kimi dəyərləndirilir. Bu ölkədə 200-dən çox vergi var. Makron hökumətinin dizel yanacağının artırılması üçün qəbul etdiyi qərar daha çox ekoloji vergi növü kimi təsbit olundu. Bu da ölkədə xüsusilə dizel yanacağından istifadə edən fransız vətəndaşlarının ciddi narazılığına səbəb oldu. Belə olan halda, onlar müəyyən iqtisadi itkilərlə üzləşirlər. Çünki dizel yanacağı digərlərinə baxanda sərfəli yanacaqdır. Bu zaman yanacağın qiymətinin qaldırılması narazılıq doğurdu. Fransa hakimiyyəti vaxtında əhalinin maraqlarını nəzərə alsaydı, o zaman vəziyyət bu həddə qədər kəskinləşməzdi. Kütləvi aksiyaların baş verməsində daxili səbəblər də var, xarici amillər də. Ancaq göründüyü kimi, Avropa təsisatları baş verənlərə öz münasibətlərini bildirmirlər. Ancaq MDB məkanında bu cür hadisələr baş versəydi, o zaman geosiyasi məsələlər kontekstində buna yanaşılacaqdı. Dərhal hay-küy salacaqdılar. Bu həm də onunla əlaqədardır ki, Fransa Avropa İttifaqının idarə olunmasında aparıcı rola malikdir. Həmin qurumlara müəyyən təsir imkanları var. Onu da qeyd edim ki, Makron hökumətinin istər Dağlıq Qarabağ, istərsə də Azərbaycanda insan hüquqları məsələsində sərgilədiyi mövqe ədalətli deyil. Fransa tərəfi Saakyanın separatçı bir qurum rəhbəri olduğunu bilə-bələ həmin şəxsin bu ölkəyə səfərinə şərait yaratdı”.
Vidadi ORDAHALLI