Hatəm Cabbarlı: “Bundan sonra Rusiyaya qarşı hansısa yöndə siyasət həyata keçirməsi onun gələcək karyerasına da müəyyən qədər təsir edə bilər”
Ermənistanda keçirilən seçki arxada qaldı. Seçkinin saxtakarlıqla keçirildiyi ilə yanaşı, nəticələri barədə də ciddi təhlillər aparılır. Faktiki olaraq, seçkidə rusiyapərəst qüvvələrin parlamentdən kənarda qaldığı bəyan edilir.
Parlamentdə yer alan əsas qüvvələrin isə Qərbə meylli olduqları şübhəsizdir. Uzun müddət ölkəni idarə edən və Paşinyanın inqilabı nəticəsində hakimiyyətdən salınan “Respublika” partiyası da parlamentdə təmsil olunmaqdan məhrum edilibsə, deməli, Rusiyanın Ermənistandakı əsas dayaqları siyasi səhnədən kənarlaşdırılıb. Belə olan təqdirdə, Rusiya ilə Ermənistanın münasibətlərinin perspektivini necə dəyərləndirə bilərik?
Siyasi elmlər doktoru Hatəm Cabbarlının sözlərinə görə, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsində əsas məqsəd cari ilin may ayında hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyətinin mövqeyinin daha da gücləndirilməsi idi: “Çünki Nikol Paşinyan parlament üzərində nəzarəti təmin edə bilmirdi və bu, ciddi problem idi. Keçirilən seçkilərin nəticələrindən belə məlum olur ki, parlamentdə bu dəfə cəmi 3 siyasi partiya və ya qrup təmsil olunacaq. Təxminən 15 ildir Ermənistanda siyasi fəaliyyət göstərən və hər zaman parlamentdə yer alan partiyaların əksəriyyəti parlamentdən kənarda qaldı. Bunlardan birincisi cari ilin may ayına qədər hakim partiya olan “Respublika” partiyasıdır. Bu partiya 5%-lik barajı keçə bilmədi. Onu da qeyd etmək lazımdır ki, Ermənistanda 2017-ci ilin aprel ayında keçirilən parlament seçkilərində “Respublika” partiyası 49,2%, 2012-ci ildə keçirilən seçkilərdə 44,1% səs toplayaraq, Ermənistanda seçki marafonunu birinci olaraq bitirmişdi.
Bu seçkilərdən sonra Paşinyan müxtəlif manevr imkanları qazandı. Bu baxımdan qarşıdakı günlərdə Ermənistanın daxili siyasi həyatında müəyyən dəyişikliklərin yaşanması gözləniləndir. Ermənistanın əvvəlki prezidenti Robert Köçəryanın həbs edilməsinə paralel olaraq, Serj Sarkisyan üzərində də müəyyən hüquqi əməliyyatların həyata keçirilməsini müşahidə edə bilərik. Hətta S.Sarkisyanın da həbs edilməsinin gündəmə gələcəyini demək mümkündür. Paşinyan hazırda erməni vətəndaşların etimadını qazanmış kimi görünür. Amma bu etimaddan necə istifadə edəcəyi də sual altındadır. Yəni ona verilən şansın nə qədər davam edəcəyi mübahisəlidir. Çünki ermənilər Paşinyandan bir çox şeylər gözlədiklərini ifadə edirlər”.
Hatəm Cabbarlının sözlərinə görə, Paşinyan koalisiya hökuməti qurmayacaq: “Paşinyan hakimiyyətə gəldikdən bu yana Rusiya ilə münasibətlərdə bir az məsafəli davranmağa üstünlük verir. Bundan sonra Rusiyaya qarşı hansısa yöndə siyasət həyata keçirməsi onun gələcək karyerasına da müəyyən qədər təsir edə bilər.
AB və ABŞ Paşinyan hökumətinə maddi və siyasi dəstək verərək, ölkənin qarşılaşdığı bəzi problemlərin həll olunmasına yardımçı ola bilər. Bu zaman Rusiyanın məsələyə necə münasibət göstərməsi də maraqlıdır. Çünki Rusiya Ermənistanın daxili siyasətinə müdaxilə etmə mexanizmlərinə sahib olan tək dövlətdir. Qarşıdakı ilk 6 ayda Paşinyanın hakimiyyətdə olması, həyata keçirəcəyi siyasət, iqtisadi, sosial problemlərin həlli istiqamətində görəcəyi işlər xüsusilə əhəmiyyətlidir. Bu baxımdan, Paşinyanı qarşıdakı mərhələdə çox ciddi sınaq dövrünün gözlədiyini demək mümkündür”.
Məhəmmədəli QƏRİBLİ