Fransada yanacağın bahalaşmasına qarşı noyabrın 17-dən başlayan etiraz aksiyalarının qarşısını ala bilməyən rəsmi Paris aksiyaların arxasında Rusiyanın olub-olmamasını araşdırmağa başlayıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Qeyd edilir ki, Fransa hakimiyyəti Rusiyaya bağlı olduğu iddia edilən yüzlərlə sosial media hesabından aksiyaların daha da gücləndürliməsinə dair çağırışların edildiyini aşkarlayıb. Məlumata görə, Fransa Milli Təhlükəsizlik və Müdafiə üzrə Baş Katibliyi (SGDSN) Moskvanın “sarı gödəkcəlilər”in aksiyasında hər hansı bir təsirinin olub-olmadığını araşdırmağa başlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Moskvanın Parisdəki aksiyalarla bağlı olması barədə bəyanatlar iftiradır.
Onun sözlərinə görə, Parisdə baş verənlər yalnız Fransanın daxili işidir, Rusiya heç bir ölkənin daxili işinə qarışmayıb və qarışmağı da planlaşdırmır.
Peskov vurğulayıb ki, rəsmi Moskva Parislə əlaqələrin inkişafına böyük əhəmiyyət verir: "Bununla bağlı hər iki tərəf aktiv şəkildə işləyir. Biz Fransanın suverenliyinə hörmətlə yanaşırıq".
Fransa prezidenti Emmanuel Makron isə kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Bu barədə o, xalqa son müraciətində bildirib.
"Birincisi, bu gün fövqəladə iqtisadi və sosial vəziyyət elan etmək istəyirəm. Biz hörmət ediləcək, uşaqlarımızın bizdən də yaxşı yaşayacağı Fransanı qurmaq istəyirik", - deyə o bildirib.
O, qeyd edib ki, ölkənin problemləri çoxdan mövcuddur. Problemlərin kökləri 40 il əvvələ gedib çıxır və indi onlar "küçələrə çıxır".
Bundan əlavə, Makronun sözlərinə görə, 2019-ci ildən Fransada əmək haqqının minimum məbləği 100 avro artacaq.
"Mən bizim ölkənin siyasi sistemi ilə mübarizə apararaq, onu sizin üçün yaxşılaşdırmaq istəyirdim. Bir çox ölkələr belə vəziyyətlərdən çox ağır keçir, lakin mən ümid edirəm ki, Fransa xalqı vahid qalmaq üçün kifayət qədər güclü olacaq", - prezident qeyd edib.
Bu arada, Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, Fransada davam edən etiraz aksiyalarında ölkənin Avropa İttifaqından (Aİ) çıxarılması tələbləri də səslənməyə başlanıb. Etirazçılar ölkə başçısı Emanuel Makronun artıq Fransada keçirilən etiraz aksiyalarına nəzarəti itirdiyini iddia edərək, onun istefasını və ölkənin Aİ-dən çıxarılmasını tələb ediblər.