Dekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Baş Prokurorluğun İctimaiyyətlə Əlaqələr idarəsində “Bakı-Xəbər”ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərib, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilib. Baş Prokuror daha sonra deyib ki, Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə sübuta yetirən Prezident cənab İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir:
“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz aprel döyüşlərində öz hərbi gücünü və qətiyyətini real şəkildə bütün dünyaya nümayiş etdirməsi nəticəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı, eləcə də Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın və dövlətimizin tarixində çox əlamətdar hadisələrdən biri olmuş və öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimizin işğal olunmuş torpaqlara qayıtma əzmini daha da artırmışdır”.
Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Ömür. Tale. Epoxa” adlı sənədli filmi nümayiş etdirilib.
Baki-xeber.com