Fikrət Sadıqov: “Paşinyan tərəfindən təyin olunan qubernatorlar seçicilərə təzyiq göstəriblər”
Ermənistanda bazar günü keçirilən növbədənkənar parlament seçkiləri, əslində, məzhəkədən başqa bir şey deyil. Məsələ ondadır ki, seçki bir sıra qanun pozuntuları ilə müşahidə olunub. Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun qələbəsi ilə başa çatan parlament seçkiləri ən az seçici fəallığı ilə bu ölkənin tarixinə düşüb.
Seçkilərə erməni seçicilərin 50 faizindən azı qatılıb. Seçkilərdə cəmi 48,63 faiz seçici iştirak edib. Bu, Ermənistanın seçki tarixində ən aşağı göstəricidir. Erməni mətbuatı yazır ki, “məxməri inqilab”dan sonra Nikol Paşinyan ciddi zərbə aldı. Çünki ən azı seçicilərin yarısı onun parlamentini dəstəkləmir. Bu o deməkdir ki, yeni hakimiyyətin tənqidləri çox olacaq.
Günün birinci yarısında bəyan olundu ki, seçici hüququ olanların cəmi 7 faizi seçkilərdə iştirak edib. Günün ikinci yarısında isə bu rəqəm şübhəli şəkildə kəskin şəkildə dəyişməyə başladı.
Seçkilərdə səsvermə zamanı Loriysk vilayətində 22/26 seçki məntəqəsində səsvermə dayandırılıb. "Sputnik Armenia" saytının verdiyi məlumata görə, səsvermənin dayandırılmasına səbəb seçki məntəqəsində 4 nömrəli iştirakçının, yəni baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku bülletenlərinin olmaması olub.
Qeyd edək ki, Ermənistan qanunverici orqanında yerlər üçün 11 siyasi güc mübarizə aparıb. Bunlardan ikisi blok, digəri isə 9 partiyadır.
Qeyd edək ki, Ermənistanda bundan öncəki parlament seçkisi 2017-ci ilin aprelində keçirilib. Həmin vaxt seçkilərdə seçici aktivliyi 60 faizdən yüksək olub. Bu dəfə isə heç 50 faiz olmayıb. Müşahidələr göstərir ki, günün ikinci yarısında ciddi saxtalaşdırma aparılıb. Bu bir daha ölkədə seçkilərin necə bərbad keçirildiyinin göstəricisidir.
Sözügedən məsələni dəyərləndirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Nikol Paşinyanın gurultulu qələbə haqda danışması gülüncdür: “Çünki Ermənistanda səsvermə hüququ olan şəxslərin yarısından çoxu seçkilərə gəlməyib. Seçicilərin cəmi 48 faizinin seçkidə iştirakı real vəziyyəti əks etdirmir. Əslində, Paşinyan təzyiq vasitəsilə təşkil edilən seçkiləri uduzub. Seçkilərdə administrativ resursdan da güclü şəkildə istifadə olunub. Paşinyan tərəfindən təyin olunan qubernatorlar seçicilərə təzyiq göstəriblər. Ermənistanın bir sıra ekspertləri bəyan edirlər ki, bu, biabırçı seçkilər idi və indiyə qədər Ermənistanda belə biabırçılıq baş verməyib. Bildirirlər ki, bu vaxtadək saxtakarlıq müşahidə edilib, amma bu dərəcədə olmayıb. Hesab edirəm ki, 48 faiz seçicidən “Mənim addımım” blokuna səs verənlərin sayı heç də Paşinyana dəstək verdiyinin göstəricisi deyil. Kifayət qədər ciddi, kobud pozuntular olub və bu özlüyündə ən böyük saxtakarlıqdır. Seçkidən sonra Nikol Paşinyanın qarşısında ciddi məsələlər dayanır. Qarabağ klanı ilə mübarizə hələ davam edəcək. 20 ilə yaxın hakimiyyətdə olan “Respublika” partiyası asanlıqla təslim olmayacaq. Onlar, faktiki olaraq, həm hökumətdə, həm də parlamentdə yerlərini itiriblər və yeni hökumətə qarşı açıq şəkildə və ya arxadan zərbələr endirmək üçün əllərindən gələni edəcəklər. Reallıq odur ki, xalq Qarabağ klanından da doyub və vətəndaşlarda yorğunluq hiss olunur. Başa düşürlər ki, Qarabağ klanı heç bir şeyə nail ola bilmədi və ölkəni dalana dirəyib”.
Vidadi ORDAHALLI