Rauf Zeyni: “Belə hallarla beynəlxalq qurumlar öz reputasiyalarını zədələmiş olurlar”
Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıqlar və insidentlərlə müşahidə olundu və bunu həmin seçkiləri müşahidə edən bir sıra xarici müşahidəçilər də öz açıqlamalarında təsdiq edirlər.
Səsvermə zamanı qanun pozuntularının olduğunu qeydə alan beynəlxalq müşahidəçilərin yaydığı məlumatlarda bildirilir ki, Lori əyalətindəki 22/26 saylı seçki məntəqəsində bülletenlərin olmaması səbəbindən səsvermə dayandırılıb. Bundan əlavə, Razdan bölgəsindəki 26/14 saylı seçki məntəqəsində müşahidə kameralarının işləməməsi barədə məlumat daxil olub. Araratdakı 13/2 saylı məntəqədə isə nəzarətçi vəsiqəsi olmayan şəxs vətəndaşla birlikdə səsvermə kabinəsinə daxil olub. Bir çox məntəqələrdə müşahidəçilərin işinə maneçilik törədilib. Bəzi məntəqələrdə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun bülletenləri olmayıb. Bir sıra məntəqələrin qarşısında qanunla qadağan olunmasına baxmayaraq, təşviqat kampaniyasının aparıldığı aşkarlanıb. Sevan şəhərindəki 20/05, Vanadzordakı 23/54 və 23/53, Panikdəki 33/20 saylı məntəqələrdə təşviqat plakatlarının asılması faktları qeydə alınıb.
Ancaq maraqlıdır ki, ölkələrdə keçirilən seçkiləri fəal şəkildə izləyən və əldə olunan nəticələrlə bağlı operativ xəbər verməyə alışan bir çox nüfuzlu beynəlxalq təşkilat Ermənistandakı seçkinin nəticələrinə dair mövqelərini hələ ki, açıqlamayıblar.
Bütün bunların fonunda, Ermənistandakı seçkilərə verilən ilkin beynəlxalq reaksiyanı qənaətbəxş saymaq olarmı?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə bildirdi ki, beynəlxalq təşkilatların Ermənistanla bağlı sərgilədiyi mövqe ümumən qənaətbəxş deyil: “Biz məsələyə yalnız bu seçkinin prizmasından yanaşmayaq. Bütün hallarda, biz Ermənistana münasibətdə fərqli mövqenin ortaya qoyulduğunun şahidi oluruq. Bunun adını biz dəfələrlə doğru olaraq ikili standart kimi qeyd etmişik. Ən azı, özümüzlə müqayisə aparanda bunu aydın hiss edirik. Bir daha əmin oluruq ki, bəzi beynəlxalq qurumlar məsələyə obyektivlik prizmasından deyil, öz maraqları kontekstindən yanaşırlar. Mən BMT İnsan Hüquqları Günü ilə bağlı dəvət aldığım tədbirdəki çıxışımda da dedim ki, 30 ildir ayrıseçkilik qoyulur. Sual etdim ki, niyə işğalla məşğul olduğu təsdiqlənən ölkəyə sanksiyalar tətbiq edilmir? Sonuncu seçkilərlə bağlı biz beynəlxalq təşkilatların gözləmə mövqeyində olduğunu görürük. Halbuki, Azərbaycanla bağlı onların rəyi daha tez olurdu. Düzdür, Ermənistanda seçkini müşahidə edən missiyaların yaydığı məlumatlarda xırda qanun pozuntuları ilə bağlı informasiyalar verilir. Amma bunu yetərli saymaq olmaz. Ermənistanın öz daxilində olan siyasilər, ekspertlər seçkinin biabırçılıqla baş tutduğunu deyirlərsə, beynəlxalq qurumlar niyə passiv qalırlar? Konkret olaraq bir misal çəkim. Şahnazarov qeyd edib ki, Ermənistanın tarixində hələ bu cür biabırçı seçki keçirilməyib. Ermənistanda heç yaxşı nəticə gözləməyə də dəyməzdi. Çünki həmin ölkədə siyasətçilər mübarizə aparmırlar. Bir-birindən qisas almağa çalışan qruplar mübarizə aparırlar. Nə qədər ki, həmin ölkənin siyasətçiləri cinayətlə məşğul olub, başqasının torpağını qəsb etməyə haqq qazandıracaqlarsa, onların heç bir ədalətindən danışmağa dəyməz. Belə şəraitdə heç bir ədalətli seçkidən söhbət gedə bilməz. Belə hallarla beynəlxalq qurumlar öz reputasiyalarını zədələmiş olurlar”.
Məhəmmədəli QƏRİBLİ