Məhəmməd Əsədullazadə: “Güc strukturları edilən şikayətlərə əhəmiyyət verməyərək saxtakarlığa ortaq oldular”
Ermənistan tarixində ilk növbədənkənar seçkilər keçirildi. 9 siyasi partiya və 2 blokun iştirakı ilə keçirilən seçkilər bu ilin aprel ayından başlayan hakimiyyət uğrunda mübarizənin yekun mərhələsi sayıla bilər.
Əvvəldən məlum idi ki, seçkilərin qalibi "məxməri inqilab" dalğasında baş nazir olan Paşinyan və onun “Mənim addımım” bloku olacaq. Onun qələbə qazanacağı şübhəsiz idi. Seçkidə iştirak edən digər siyasi qüvvələrin şanslarının zəif olacağı bəlli idi. Ona görə ki, küçə hərəkatı dalğasında baş nazir olan Paşinyan aşırı ritorikadan istifadə edərək rəqiblərini kənarda saxlayırdı.
Paşinyanın bəzi üstünlüklərinə rəğmən, o, seçki günü bir sıra qanun pozuntularına da getməkdən çəkinmədi. Söhbət seçkilərin saxtalaşdırılması ilə bağlı görülən “işlərdən” gedir. Təsadüfi deyil ki, baş verən qanun pozuntuları ilə bağlı ölkə vətəndaşları hüquq-mühafizə orqanlarına günboyu bir sıra şikayətlər etsələr də, onlar buna məhəl qoymayıblar. Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi qaldırmayıb. Halbuki, bundan əvvəl ölkənin Baş Prokurorluğundan bildirilib ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-də cinayət tərkibi var.
Nəzərə alsaq ki, Paşinyan əvvəllər hakimiyyətdə təmsil olunmayıb, o zaman gərək o, seçkilərin tam demokratik şəraitdə keçirilməsinə imkan yaradaydı. Adətən özünə əmin olan siyasətçilər belə edir. Ancaq baş verən qanun pozuntuları və hakimiyyətin konyukturası altında olan hüquq-mühafizə orqanlarının bununla bağlı edilən şikayətləri görməzdən gəlməsi göstərdi ki, Paşinyan saxtalaşdırmaya şəxsən özü göstəriş verib. Belə olmasaydı, o zaman şikayətlərlə bağlı müvafiq addımlar atılardı.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan özünə əmin olmadığı üçün, demokratik seçki keçirməyə cəsarət etmədi: “Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri Nikol Paşinyanın inqilabi hakimiyyətinə qanuni don geyindirməyə hesablanıb. Bu seçkilərdə, göründüyü kimi, vətəndaşlar aktiv fəallıq göstərmədilər. Paşinyan elə hesab edirdi ki, bütün səsvermə hüququ olan ermənilər seçkiyə gedib səs verəcəklər. Proseslər göstərdi ki, əhali, xüsusilə regionlarda yaşayanlar, ümumiyyətlə, siyasi proseslərdən kənardadır. 20 il ərzində xalq siyasətdən kənarda qaldığı üçün, Pşinyanın müxtəlif populist xarakterli vədlərinə inanmır. Seçkiyə gedənlər də saxtakarlığın olduğunu qeyd edirlər. Hesab edirəm ki, bu seçkilər Ermənistanda heç də demokratiyaya keçidin olduğunu nümayiş etdirmədi. Narazılıqlar, şikayətlər baş verənlərin demokratik bir proses olmadığını göstərir. Biz Ermənistanda siyasi islahatların nəticə verməyəcəyini bu seçkidə gördük. Paşinyanın seçki siyasəti fiaskoya uğradı. Hesab edirdi ki, bununla o, xalqın ona tam dəstək verəcəyini gözləyirdi. Ancaq proseslərin gedişi göstərdi ki, seçici fəallığı aşağıdır. Bu da növbəti aylarda Paşinyanın siyasətinə mənfi təsir edəcək. Xalq Ermənistanda müsbətə doğru dəyişikliklərə inanmır. Ona görə də seçici fəallığı olmadı. Əvvəlki iqtidar seçiciləri məntəqələrə avtomobillərlə daşıyıb səsverməni saxtalaşdırırdısa, bu dəfə saxtakarlıq taktikası bir qədər fərqli oldu. Bu dəfə Paşinyan seçkilərə qatılan azsaylı seçicilərin səsini saxtalaşdırdı. Eyni zamanda, güc strukturları edilən şikayətlərə əhəmiyyət verməyərək saxtakarlığa ortaq oldular. Bu bir daha Paşinyanın özünə əmin olmamasının göstəricisidir”.
Vidadi ORDAHALLI