Qabil Hüseynli: “İndi isə ona verdiyi vədlərə dair tələblər ediləcək”
Ermənistanda parlament seçkiləri ilə bağlı səslərin sayılması prosesinin yekununda maraqlı nəticələr alınıb. Elan olunan son nəticəyə görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku 70,43% səslə (884456) seçkilərin mütləq qalibi olub. İkinci sırada milyarder Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası gəlir - 8,27% (103824). Paşinyanla siyasi baxışları üst-üstə düşən, qərbpərəst “İşıqlı Ermənistan” partiyası isə 6,37% səslə (800024) üçüncü yeri tutub.
Qalan partiya və blokların heç biri parlamentdə təmsil olunmaq üçün müvafiq baryeri aşa bilməyiblər. Hətta Ermənistanın ən köklü siyasi təşkilatı sayılan
“Daşnaksütyun” da parlamentdə təmsil olunmaq hüququnu itirib. Ermənistanda 20 il iqtidarda olmuş “Respublika” partiyası isə keçid baryerini aşmağa yaxınlaşsa da, müvafiq səsi toplaya bilməyib - 4,7% (59059)
Beləliklə, Nikol Paşinyanın rəhbərlik etdiyi blok parlamentdə yerlərin üçdə ikisinə sahib olacaq. Parlamentə keçən digər siyasi partiyaların isə özlərini konstruktiv müxalifət elan etmələri gözlənir.
Digər parityalaırn səsləri aşağıdakı şəkildə bölünüb:
“Daşnaksütyun” – 3,89% (48811),
“Biz” bloku – 2% (25174),
“Sasna tsrer” partiyası – 1,82% (22862),
“Orinats erkir” – 0,99% (12389),
“Vətəndaşın qərarı”– 0,68% (8530),
Xristian-Xalq Dirçəlişi” – 0,51% (6456),
“Milli Tərəqqi” – 0,33% (4122).
Qeyd edək ki, Ermənistandakı seçkilərin kobud qanun pozuntuları ilə baş tutduğuna dair iddialar Ermənistan mətbuatında da səslənir. Xüsusilə də bildirilir ki, seçkilərdə seçici fəallığı olduqca aşağı, hətta boykota bərabər səviyyədə olub. Belə olan təqdirdə, Ermənistandakı son seçkilərin nəticələrini necə qiymətləndirmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Ermənistanda keçirilən seçkilər biabırçı bir mənzərəni ortaya qoymuş oldu: “Əvvəla seçici fəallığı çox aşağı səviyyədə olub. Hətta Ermənistanın özündəki politoloqlar, jurnalistlər qeyd edirlər ki, seçicilərin yarıdan çoxu səsvermədə iştirak etməyib. Erməni xalqı Paşinyanın da, özündən əvvəlki sələfləri kimi, diktatura, avtoritarizm yolu ilə getdiyinin şahidi oldu. Bu onu göstərir ki, Ermənistanda insanlar hakimiyyətə inanmır və seçkilərin qeyri-şəffaf keçirildiyini bildikləri üçün səsvermədə iştirak etmirlər. Belə olan təqdirdə, bu, Paşinyanın hakimiyyətinə qarşı gələcəkdə itaətsizlikdə özünü aydın şəkildə göstərəcək”.
Qabil Hüseynlinin sözlərinə görə, Paşinyanın parlamentdə üstünlük qazanmaqla təkbaşına hökumət qurmaq səlahiyyəti əldə etməsi ölkənin siyasi oriyentasiyasının dəyişməsinə də təsir edəcək: “Paşinyanın "Mənim addımım" bloku ilə yanaşı, bariyeri aşaraq parlamentə düşən “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları da Qərbə meyllidirlər. Yəni Ermənistan parlamentində yerlər qərbyönümlü siyasi qurumların əlinə düşüb. Bu da Rusiya ilə Ermənistan arasında perspektivdə nələr baş verə biləcəyi ehtimalları haqqında müəyyən təzadlı fikirlər yaradır. İndiyə kimi xalq Paşinyanın verdiyi vədlərlə bağlı ona görə sərt tələb ortaya qoymurdu. Çünki Paşinyanın əlində bəhanəsi vardı. Deyirdi ki, hakimiyyəti tam ələ ala bilməyib. İndi isə ona verdiyi vədlərə dair tələblər ediləcək. Çünki o, insanlara iqtisadi islahatlar aparacağı, ölkəyə böyük həcmdə investisiya cəlb edəcəyi, maddi rifah hallarını yüksəldəcəyi ilə bağlı vədlər verib. Verilmiş sözlərin yerinə yetirilməsinin zamanı çatıb. Paşinyanın bunun öhdəsindən gələcəyi isə sual altındadır. Onun yalnız bir çıxış yolu var, o da Dağlıq Qarabağ probleminin həllidir. Ermənistan bölgədəki inteqrasiya proseslərinə qoşulmaq üçün mütləq işğalçılıqdan imtina etməli və bölgədə normal qonşuluq münasibətlərinin yaranmasına töhfə verməlidir. Hər halda, Ermənistan Gürcüstandan ibrət götürə bilər. Azərbaycan ən böyük iqtisadi layihələrini Tiflis vasitəsilə həyata keçirir və bu gün Gürcüstan büdcəsinin 42 faizini həmin layihələrdən gələn gəlirlər təşkil edir. Ermənistan danışıqlar prosesini beynəlxalq hüquq normalarına və BMT qətnamələrinə uyğun surətdə apararsa, onda Paşinyan xalqına verdiyi vədləri yerinə yetirmək iqtidarına malik olacaq. Əks təqdirdə, Ermənistan çox pis vəziyyətdə qalacaq. Hətta belə bir vəziyyətdə Paşinyan idarəetməni də itirə bilər”.
Məhəmmədəli QƏRİBLİ