İnanıram ki, Trend BiA və DHA-nın yeni birgə layihəsi bütün türk dünyasına nümunə olacaq. Trend xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatı mərasimində çıxışı zamanı deyib.
"Bu layihəyə görə hər kəsi təbrik edirəm. Bütün türk xalqına, dövlətinə minnətdarlığımı bildirirəm. İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin böyük dəstəyini hiss etdik. Bütün bunlar böyük ehtirama layiqdir. Bu gün biz Şuşada bayraqlarımızın yanaşı dalğalandığını görürük.
Şuşada "dhapress.com” portalının ilk təqdimatının keçirilməsi də böyük hadisədir.
Trend İnformasiya Agentliyi Azərbaycanın nüfuzlu agentliklərindəndir. İllərdir öz etibarlılığını qoruyub-saxlayıb. İnanıram ki, bu ortaq media platforması bütün türk dünyasına nümunə olacaq. Bu mənada, arzulayıram ki, gələcəkdə bütün türk dövlətlərini əhatə edən böyük bir saytın açılışı bunun əsasında baş versin", - deyə R.Məcid bildirib.