Türkiyə mətbuatı yazır ki, Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanıb.
Onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.
Saxlanan FETÖ üzvləri məhkəmə qarşısına çıxarılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir FETÖ təbliğatı apardıqları və gəncləri təşkilata üzvlüyə cəlb etməyə çalışdıqları müəyyən edilib.
FETÖ-nün ofislərində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana və saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
Başlanmış cinayət işi əsasında bildirilib ki, hərəkatın digər üzvlərinin də müəyyən edilərək tutulması istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edilir ki, bu əməliyyatlarla Azərbaycanda möhkəmlənməyə çalışan FETÖ-yə böyük zərbə vurulub.
Türkiyə KİV yazır ki, FETÖ ilə yaxın əlaqələri olan bir siyasi partiya lideri də həbs edilib.
Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) də FETÖ ilə əlaqəli olmaqda şübhəli bilinən bir neçə şəxsin saxlanılması ilə bağlı məlumat yayıb.
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilib.
Tahir TAĞIYEV