“Ermənilərin “Arsax”dan çıxarılması İsveçin NATO-ya daxil olması üçün səsvermənin ilkin şərtlərindən biridir və təsadüfi deyil ki, Türkiyə prezidenti Ərdoğan Vilnüsdə keçirilən sammit zamanı Rusiya sülhməramlılarının oradan çıxarılmasını elan etdi”.
Belə bir uydurma və sərsəm iddiaları politoloq Stepan Danielyan öz Facebook səhifəsində yazıb.
Daha sonra erməni politoloq bunları qeyd edib: “Türkiyənin növbəti şərti Sünikin təslim olmasıdır.
Ermənistanın indiki hakimiyyəti bilərəkdən bu istiqamətdə hərəkət edir.
Bu hökumətin istefası ilə vəziyyət dəyişə bilər, amma bunun üçün insanlar lazımdır”.
Görünən odur ki, erməni politoloqlar ağlasığmaz uydurmalarla çıxış edirlər. Elə fərziyələr ortaya atırlar ki, bunu heç cür normal qəbul etmək mümkün deyil. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?
“Erməni ekspertlər bu cür uydurma iddialarla beynəlxalq ictimai rəyi çaşdırmaq istəyirlər”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bu cür informasiyaların yayılması, iddiaların ortaya atılması xəstə erməni təxəyyülündən irəli gəlir: “Özünə azacıq hörməti olan politoloq heç vaxt belə uydurma fikirlərlə çıxış etməz. Əgər həqiqətən də Türkiyənin belə bir şərti olsaydı, bu, mütləq sızardı və bunu ilk növbədə Qərb mətbuatı yayardı, hansısa başıboş erməni politoloqu yox. Bütün bunlar tamamilə başqa məsələlərdir. Türkiyənin İsveçin NATO-ya üzv qəbul olunması ilə bağlı şərtləri apaçıq ortadadır. O da ondan ibarətdir ki, İsveç ora sığınan PKK terrorçularını, tərəfdarlarını Türkiyəyə təhvil verməlidir. Bunu etməyəcəksə, o zaman onları ölkə ərazisindən çıxarmalıdır. Bu tələblər yerinə yetiriləcəyi təqdirdə, Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək. Erməni silahlı birləşmələrinin, tör-töküntülərinin Qarabağdan çıxarılmasının buna nə dəxli? Onsuz da Azərbaycan mərhələli şəkildə öz planlarını həyata keçirir və separatçılar ətrafında halqanı daraldır. Bunun ən bariz göstəricisi Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. Ermənilər silahlı birləşmələrini Qarabağdan çıxarmasalar, onlar zor gücü ilə buradan çıxarılacaq. Yəni antiterror əməliyyatları keçiriləcək. O cümlədən, Zəngəzur dəhlizinin açılması da dayandırılması mümkün olmayan bir prosesdir. Bunu İsveçin NATO-ya üzv olması ilə əlaqələndirməyin də heç bir anlamı yoxdur. O baxımdan hesab edirəm ki, erməni ekspertlər bu cür uydurma iddialarla beynəlxalq ictimai rəyi çaşdırmaq istəyirlər. Ancaq onların bu kimi vasitələrdən istifadə etməsi uğursuz cəhdlərdən başqa bir şey deyil”.
Vidadi ORDAHALLI