Süni yollarla qədimliyini sübut etmək istəyən, hər zaman tarixi saxtalaşdırmağa çalışan ermənilər azərbaycanlılara və digər türkdilli xalqlara qarşı həmişə düşmənçilik mövqeyində durub.
Danılmaz faktdır ki, tarix boyu ermənilər Azərbaycan mənşəli toponimlərə münasibətdə də qərəzli mövqe tutub. İndiki Ermənistan adlandırılan ölkədə Azərbaycan mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi azərbaycanlıların min illər boyu bu ərazidə yaşamasını sübut edən tarixi faktları saxtalaşdırmaq, xalqın yaddaşına hopub əsrlərlə yaşamış tarixini pozmaq, “tarixin torpağın köksündəki izlərini” itirmək, onlara başqa don geyindirmək məqsədi daşıyıb.
Məlumdur ki, toponimlər hər bir xalqın etno-linqvistik yaddaşı kimi qiymətləndirilir. Bu toponimlərdə xalqın bütün keyfiyyətləri, ad mədəniyyəti yaşayır. O da bəllidir ki, keçmiş nəsillərin qoyub getdiyi yer-yurd adlarına türklər həmişə həssas münasibət bəsləyib, lakin təəssüflər olsun ki, o həssaslığın qarşılığını ala bilməmişik. Çünki çoxsaylı sürgünə, deportasiyaya məruz qalan xalqın yurd yerində buraxdığı bütün mədəniyyət nümunələri saxtakarlığa, təcavüzə məruz qalır.
Ancaq artıq bu təcavüzə son qoyulub. İşğal altında olan torpaqlar azad edildikdən sonra yer adlarımız da geri qayıdır.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Ermənistandakı yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun yazılacaq.
"Ermənistan rəhbərliyi Azərbaycana aid yer adlarını, toponimləri qanunsuz şəkildə dəyişdirib"
Mövzu ilə bağlı fikir bildirən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, hazırda Ermənistan adlanan ölkədə Azərbaycanla bağlı çox ciddi və önəmli abidələr var. Eyni zamanda, yer adlarının əksəriyyəti də Azərbaycana aiddir. Tarixi toponimlərə nəzər yetirəndə çox qədim zamanlara aid faktlar üzə çıxır: "Bu səbəbdən də Nazirlər Kabinetinin məlum məsələ ilə bağlı dəyişikliyi təqdirəlayiqdir. Məlumdur ki, sovet dövründə bir çox yer adları dəyişdirildi. Həmçinin, Ermənistan tərəfindən işğal edilən yerlərin adı saxta yolla dəyişdirildi. Ermənistan rəhbərliyi Azərbaycana aid yer adlarını, toponimləri qanunsuz şəkildə dəyişdirib. Bəllidir ki, toponimlər olduğu formada beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır. Ermənistan ərazisindəki toponimlərin mənşəcə türklərə məxsus olduğu danılmaz həqiqətdir".
Günel CƏLİLOVA