Fransa məhkəmələri iyunun sonu və iyulun əvvəllərində iğtişaşlarda iştirak etdiklərinə görə 1000-dən çox insanı həbs cəzasına məhkum edib.
Bu barədə ölkənin ədliyyə naziri Erik Düpon-Moretti məlumat verib.
Nazirin sözlərinə görə, həbs cəzasına məhkum olunanların yarıdan çoxu həbsxanalara göndərilib: “1056 nəfər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, onlardan 742 nəfəri real cəza alıb. Orta cəza müddəti 8,2 aydır. Artıq 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib”.
Nazir əlavə edib ki, ümumilikdə “1278 hökm çıxarılıb ki, bunun da 95%-i məhkumluqdur”.
Düpon-Moretti onu da qeyd edib ki, yaxın gələcəkdə övladları qırğınlarda iştirak edən valideynlərə qarşı məhkəmə prosesləri keçiriləcək.
Bu da Fransa demokratiyası. İğtişaşlarda iştirak edən şəxslərin valideynlərinin də məsuliyyətə cəlb olunması Fransada biabrçılığın son həddidir. Çünki toqquşmalarda iştirak edənlərin yaşı 18-dən aşağı deyil ki, buna görə valideynlər məsuliyyət daşısın. Digər tərəfdən isə, Avropada bu kimi məsələlərdə valideyn övladına görə məsuliyyət daşımır.
“Heç bir halda övladın hərəkətlərinə, fəaliyyətinə görə valideynin hüquqi məsuliyyətindən söhbət gedə bilməz”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, bütün bunlar Fransa demokratiyasında ciddi böhranın yaşanmasından xəbər verir: “Bu, bütövlükdə dövlət hakimiyyətinin özünün daxili konstitusiyasına, özünün daxili qaydalarına və bəşəriyyətə gətirdiyi prinsiplərə ziddir. Yəni həmin prinsiplərə zidd olan bir fəaliyyətdir. Ümumilikdə, həm beynəlxalq hüquq, həm də milli hüquq və siyasi baxımından olduqca zərərli bir fəaliyyətdir. Yəni artıq Fransa dövlət olaraq öz dəyərlərini itirib. Bütün demokratik dəyərlərdən geri çəkildiyini göstərir. Ən azından ona görə ki, etiraz edən aksiyaçıların kütləvi surətdə həbs olunması, nümayişlərin kütləvi şəkildə dağıdılması qanunsuzluğun rəmzi kimi özünü göstərir. Bu o deməkdir ki, Fransa özü bütövlükdə irəli sürdüyü dəyərlərə və bu gün tərəfdar çıxdığı, başqa ölkələrdə müdafiə etmək istədiyi dəyərlərə özü qarşı çıxmış olur. Heç bir halda valideynin övladın hərəkətlərinə, fəaliyyətinə görə hüquqi məsuliyyətindən söhbət gedə bilməz. Düzdür, mülki hüquqda elə qaydalar müəyyən oluna bilər. O da mülki məsələlərlə bağlı ola bilər. Ancaq inzibati, cinayət və digər məsələlərlə bağlı olan hallarda heç bir halda valideyn məsuliyyət daşımır. Hətta həddi-büluğa çatmamış şəxslərin, uşaqların fəaliyyətinə, əməllərinə görə valideyn cinayət və inzibati məsuliyyət daşımamalıdır. Bu, sadəcə olaraq qanuna, hüquqa və demokratik dəyərlərə hörmətsizlikdir. Bir məqamı da qeyd edim ki, 2017-ci ildə Emmanuel Makron prezident seçiləndən sonra Fransada demokratik dəyərlər getdikcə arxa plana keçməyə başladı. Nəticədə əvvəlcə miqrantların, daha sonra yerli fransızların hüquqları kütləvi şəkildə pozuldu. Bu da onun nəticəsi”.
Vidadi ORDAHALLI