Rusiyada xüsusi xidmət orqanlarına yaxınlığı məlum olan "MKRU" qəzeti diqqət çəkən yazı ilə çıxış edib. "Novıe vızovı Putinu" politiçeskie krizisı etoqo leto eşyo ne zakonçilis" - məqalə bu başlıqla verilib (Putinə yeni təhlükələr: bu yayın siyasi böhranları hələ bitməyib).
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Söhbət avqust ayında Putinin Cənubi Afrika Respublikasında BRİKS təşkilatının zirvəsində iştirakdan imtinası və Rusiyanı zirvədə Lavrovun təmsil edəcəyi ilə bağlı qərardan gedir. Təhlil verilib və cavab axtarılır ki, Putin Afrikaya niyə özü getmir və yerinə Lavrovu göndərir.
İlk səbəb kimi, Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı həbs qərarı göstərilir və bildirilir ki, MAR daxili siyasəti qeyri-sabit ölkədir, əvvəlki iki prezident istefaya məcbur edilib, proqnoz edirlər ki, indiki prezident Ramafosa da ekstremal qərarlara sövq edilə bilər. Yəni açıq-aşkar Putinin Yohannesburqda həbs oluna biləcəyi real təhlükə kimi nəzərə alınıb.
Sonra Ukrayna müharibəsi səbəb kimi gətirilir və bu məqamda ölkə başçısının xaricə çıxması məqbul deyil kimi arqumentə söykənirlər.
Məqalədə ən maraqlı və qəribəsi bundan sonra gəlir. Putinin BRİKS zirvəsinə getməkdən imtina səbəbləri təhlil olunduğu anda birdən-birə Azərbaycan Müdafiə Nazirliyinin saytında Prezident İlham Əliyevin yumruq sıxmış fotosunun verildiyi xatırladılır, əlavə edilir ki, bu, yumruq bir gün yenidən Qarabağ ermənilərinin başına endirilə bilər və daha sonra isə Azərbaycan XİN-in Rusiya XİN-in 15 iyul bəyanatına cavab bəyanatından iqtibas gətirilir, xüsusilə də o hissə qabardılır ki, Azərbaycan Rusiyanın mövqeyini anlaşılmaz və qəribə qarşılayıb. Ən təəccüblüsü və təhlükəlisi odur ki, "MKRU" bütün bunlardan sonra belə yazır: "Ukrayna ilə paralel Rusiya üçün cənubda Azərbaycanla cəbhə açmaq sərfəli deyil".
Baxırsınızmı? Putinin BRİKS qərarının, Ukraynadakı vəziyyətin İlham Əliyevlə nə bağlılığı var? Bu yersiz xatırlatmanın arxasında nə gizlədilir? Sanki rəy yaratmaq istəyirlər ki, Azərbaycan Ukrayna müharibəsindən istifadə edərək cənubda Rusiyaya qarşı cəbhə açmaq üçün fürsət axtarır. Bəlkə ehtimal edirlər ki, Putin Cənubi Afrikada həbs oluna bilər və bu həbsdən sonra Azərbaycan dünya qüvvələri ilə razılaşma əsasında Rusiyaya qarşı cəbhə aça bilər?.. Hətta onu da nəzərə almırlar ki, Azərbaycan Rusiya ilə siyasətini tam müstəqil qurur və dünyadakı hər hansı küləyin təsirinə uymur... Bunu anlamaq Rusiyada müəyyən qüvvələrə sərf etmir.
"MKRU"-nun məqaləsindən sonra ehtimallar çox olsa da, mənim gəldiyim qəti qənaət bu oldu: "Rusiyada müəyyən qüvvələr, xüsusi xidmətlər və onlara bağlı media orqanları Azərbaycana Ukraynadan sonrakı hədəf kimi baxırlar, özləri Azərbaycanla hesablaşmaq üçün fürsət gözləyirlər...
Tahir TAĞIYEV