Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi və ətraf ərazilərində məskunlaşan erməni separatçı-terrorçu dəstəsi hiyləgər oyuna başlayıb.
Separatçıların başçısı Araik Arutyunyan “məzlum” obrazına girərək, guya oturaq aksiya keçirir.
“Ofisin” düz önündə bu çadırın qurulmasının məqsəd və hədəfi yalnız və yalnız guya “humanitar fəlakət” şousu yaratmaqdır.
Erməni separatçıların bir dəstəsi Ermənistanda Fransa səfirliyi önündə aksiya keçirir və elan edirlər ki, Azərbaycanın Ağdamdan zəruri qida və digər məhsullar tədarükü təklifini qəbul etməyəcəklər. Əgər doğrudan da aclıq varsa, mağazalar boşdursa və insanların qida ehtiyatı tükənirsə, niyə Ağdamdan tədarük etmirlər? Niyə məhz Ermənistandan tədarük olunmalıdır?
Maraqlıdır ki, ermənilərin bu fəallaşması Rusiyanın məlum qərəzli bəyanatından sonraya təsadüf edir. Bu prosesin qızışdırılmasında Rusiyanın rolu nə dərəcədədir?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin Qarabağda belə fəallaşması, çox güman, Moskvadan gələn direktivlə bağlıdır: “Moskva çox narahatdır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və bununla da onlara ehtiyac duyulmayacağından, Rusiya öz sülhməramlılarını oradan çıxarmalıdır. Bunun da qarşısını almaq üçün əllərindən gələni edirlər. Son şans kimi erməniləri küçələrə çıxarmağa əl atırlar. Azərbaycan bütün bəhanələrin qarşısını alır. Ermənilərlə bağlı fəal hərəkətlərə keçməliyik. Bu ilin sonuna kimi Xankəndi və onun ətrafında nəzarətimizi tam bərpa etməliyik. Əks halda, proses bizim nəzarətimizdən çıxa bilər. Ermənilərin tələbləri isə absurddu, saxta “blokada” təəssüratı yaratmaq üçündür. Aprelin 23-də Azərbaycan Laçın dəhlizi üzərində, Ermənistanla sərhəddə öz sərhəd-keçid məntəqəsi qurandan sonra Qarabağ erməniləri iyunun 15-də baş vermiş insidentə qədər Ermənistana gedib-gəlmək üçün bu yoldan istifadə edirdilər.
Həmin gün bir Azərbaycan əsgəri Ermənistanla sərhəddə, Laçın keçid məntəqəsində yaralanmış, bundan sonra gediş-gəlib dayandırılmışdı.
İyulun 11-də isə Azərbaycan Dövlət Sərhəd Xidməti bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus tibbi təxliyyə avtomobillərində Ermənistandan Qarabağa qanunsuz olaraq mobil telefonların, siqaret və avtomobil yanacağının daşınmasına cəhd edilib və buna görə də Laçın sərhəd buraxılış məntəqəsi müvəqqəti olaraq bağlanıb.
BQXK bunu təkzib etməyib və həmin maşınların sürücüləri ilə əməkdaşlığa son verdiyini bildirib.
Cümə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi ilə görüşündə deyib ki, Qarabağ ermənilərinin tibbi məqsədlər üçün Laçın sərhəd məntəqəsindən keçidinin davam etməsi mümkündür".
Məhəmmədəli QƏRİBLİ