Avropa İnsan Hüquqları Məhkəməsindən (AİHM) Azərbaycana yönəlik növbəti qərəzli, ədalətsiz qərar. Dünən AİHM Azərbaycanı yenidən Laçın dəhlizi ilə ağır xəstələrin və Ermənistanda müalicəyə ehtiyacı olanların, habelə yolda imkansız və yaşamaq üçün vasitəsi olmadan qalan şəxslərin keçməsi üçün zəruri və kafi tədbirlərin görülməsinə təhkim edib.
Beləliklə, AİHM Ermənistanın vəsatəti ilə Laçın dəhlizinin blokdan çıxarılmasına dair 21 dekabr 2022-ci ildə çıxardığı keçid tədbirləri hökmünü bir daha təsdiq edib. O da bildirilir ki, məhkəmənin qərarı Azərbaycan tərəfindən icbari qaydada yerinə yetirilməlidir.
AİHM-in qərarında deyilir ki, Qarabağda xəstələrin Laçın yolu ilə Ermənistana getməsinə şərait yaradılsın. Məgər Azərbaycan bu məqsədlə yolu bağlayıb ki? Xankəndidən mülki ermənilərin nəzarət-buraxılış məntəqəsindən keçməsi şərti ilə xəstələrin, qocaların, yəni Qarabağ ermənilərinin Ermənistana sərbəst gediş-gəlişi ilə bağlı yol açıqdır. Ona görə də AİHM məsələdən xəbərsiz bir qərar verib. Çünki Azərbaycan o yolu bağlamayıb. Yol Qarabağa silah daşınması, humanitar təyinatdan kənar qanunsuz yüklərin daşınmasına bağlıdır. Yoxsa xəstələrin İrəvana getməsinə və əks istiqamətdə qayıtmasına heç bir məhdudiyyət yoxdu.
“Azərbaycan öz təhlükəsizliyini hər hansı bir təşkilatın mövqeyinə görə qurmur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, AİHM-in qərarı ədalətsizdir: “Əvvəla, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilk növbədə hüquqi deyil, siyasi qərardır. Bu isə o deməkdir ki, siyasi qərarlar da icra olunmur. Ancaq istənilən halda bu, ədalətli qərar deyil. Ən azından ona görə ki, sözügedən qərar reallıqla uzlaşmır. Hüquqi əhəmiyyət daşiması üçün AİHM Laçın yolunda nəzarət-buraxılış məntəqəsinə baxış keçirilməli və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət yollamalı idi. Ancaq Ermənistanın təklifi ilə birtərəfli şəkildə qərar verməsi qanunsuzdur və siyasi əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Laçın yolunda erməni xəstələrin keçidi sərbəst şəkildə həyata keçirilir. Bununla bağlı heç bir problem yoxdur. Sözügedən məsələni təsdiqləmək üçün çoxsaylı video görüntülər də var. Ermənistan çalışır ki, Laçın yolunda əvvəlki sərbəst gediş-gəliş təmin olunsun. Çünki belə olduqda, o zaman vəziyyət onların xeyrinə olacaq. Qarabağa silah-sursat daşımaq imkanı olacaq. Məhz Azərbaycan buna görə yola nəzarəti bərpa etdi. Çünki məlum oldu ki, ermənilər 10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli razılaşmadan sui-istifadə edirlər. Əgər Ermənistan və Rusiya bu yoldan humanitar məqsədlər üçün istifadə etsəydi, təbii ki, ən azı 2025-ci ilin sonuna qədər yolun başlanğıcında nəzarət-buraxılış məntəqəsi olmayacaqdı. Ancaq bunun əksi oldu və gözləntilər özünü doğrultmadı. Laçın yolu vasitəsilə Azərbaycanın təhlükəsizliyini və suverenliyini təhdid edərək minaların daşınmasını həyata keçirirdilər. Bu baxımdan hesab edirəm ki, AİHM qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan öz təhlükəsizliyini hər hansı bir təşkilatın mövqeyinə görə qurmur. Ermənistan bununla bağlı Azərbaycanın daxili işlərinə müdaxilə edir. Buna da təbii ki, yol vermək olmaz. Azərbaycan məhz bu amildən çıxış edərək adekvat addımlar atır. O üzdən, heç bir təşkilat Azərbaycanın qarşısında dayana bilməz və buna haqqı da yoxdur”.
Vidadi ORDAHALLI