Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə A.Rudenko Rusiya Xarici İşlər Nazirliyinin məlum 15 iyul tarixli bəyanatı ilə bağlı Rusiya tərəfinin mövqeyini çatdıraraq bildirib ki, sözügedən bəyanatda Azərbaycanın ərazi bütövlüyü qəti şəkildə şübhə altına alınmır, onun əsas istiqaməti Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi və Laçın dəhlizinin açılması məsələləri olub.
Bu gün Rusiyanın əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır ki, bunun üçün Rusiya tərəfi hərtərəfli dəstək göstərməyə, o cümlədən öz ərazisində görüşlər təşkil etməyə hazırdır.
Bundan əlavə, Andrey Rudenko Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə də toxunub.
Rusiyanın bir neçə günün içində belə fərqli mövqe ortaya qoyması nə ilə izah oluna bilər?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesindəki mövqeyi anlaşılan deyil: “Çünki Rusiya, hər zaman olduğu kimi, yenə də Azərbaycanın mövqeyinə, maraqlarına qarşı bəyanatlar səsləndirir və ciddi cəhdlə Ermənistanın mövqeyini qorumağa çalışır. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın müttəfiqidir. Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyanatı imzalanıb. Görünür ki, Rusiya bu son davranışları ilə bu müttəfiqlik münasibətlərini şübhə altına almağa çalışır. Çünki burda müttəfiqlikdən söhbət gedirsə, Rusiya Azərbaycanın süveren ərazi bütövlüyünü, maraqlarını qoruyub saxlamaq istiqamətində addımlar atmalıdır. Ancaq son günlər Rusiyanın Xarici İşlər Nazirliyinin səsləndirdiyi bəyanatlar qəbuledilməzdir və təəssüf hissi doğurur. Çünki Azərbaycan dövləti öz ərazi bütövlüyünün qorunması maraqlarından çıxış edərək addımlar atır. Qarabağda yaşayan, etnik ermənilər olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, onların hərtərəfli təminatı ilk gündən Azərbaycan dövlətinin üzərinə düşür. Amma təəssüf ki, biz Ermənistan tərəfindən təhdidlərin şahidi olduq. Söhbət Laçın sərhəd keçid məntəqəsində baş verən hadisələrdən, Azərbaycan sərhədçilərinin atəşə tutulmasından və təhlükə ocaqlarının yaranmasından gedir. Bütün bunlar zaman - zaman Azərbaycan tərəfini ciddi və adekvat addımlar atmağa məcbur edib. Mən hesab edirəm ki, bu çox düzgün addımdır. Çünki Azərbaycan dövləti öz dövlətçilik və milli maraqlarından çıxış edərək bu addımları atıb. Polad Bülbüloğlu ilə Rusiya Xarici işlər nazirinin müavinin görüşündə səsləndirdiyi fikirlərə gəldikdə isə, əlbəttə ki, bu da qəbuledilən deyil. Rusiya Xarici işlər nazirinin müavini dolayısı ilə yenə də məkrli planlarını nümayiş etdirmiş olur. Necə ola bilər ki, Azərbaycanın süveren əraziləri olan Qarabağ ərazisində separatçı silahlı qüvvələr fəaliyyət göstərsin, necə ola bilər ki, Azərbaycanın süveren tarixi torpaqlarında Ermənistanın hələ də silahlı ordusu saxlanılsın?”
Məhəmmədəli QƏRİBLİ