Rusiya XİN-in 15 iyul bəyanatı anlaşılmaz yox, tam anlaşılan sənəddir. Burada anlaşılmaz olan nədir ki?! Hər şey açıq mətnlə deyilib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bu bəyanat göstərir ki, Rusiya 44 günlük müharibədən sonra qalmış problemlərin həllinə öz yanaşmasını kardinal şəkildə dəyişdirir və ya özünün indiyə qədər pərdələdiyi əsl münasibətini üzə çıxarır. Bəyanatda deyilir ki, Ermənistanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıması (oktyabr 2022 Praqa və May 2023 Brüssel bəyanatları nəzərdə tutulur) yeni şərait yaradıb və bu tanıma 10 noyabr sənədinin imzalandığı şərtləri və sülhməramlıların vəziyyətini kardinal şəkildə dəyişdirib. Burada anlaşılmaz nə var ki?! Açıq eyham vurulur ki, 10 noyabr sənədi imzalanan vaxt DQ-nin Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınacağı nəzərdə tutulmamışdı... Sonra...
Rusiya həmin 15 iyul bəyanatında deyir ki, üçtərəfli Azərbaycan - Rusiya - Ermənistan sammitində sülh sazişi imzalanmalı və bu sazişdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə etibarlı və dəqiq təminat olmalıdır, bu təminatın ifadəsi isə sazişdə Rusiyanın da imzasının olmasıdır.
Burada qaranlıq və anlaşılmazlıq nədir ki?! Rusiya aydın deyir ki, sazişdə Brüsselin və Vaşinqtonun yox, Moskvanın imzası olmalıdır.
Bəyanatda bu qədər sadə mətləblər ifadə olunub.
Rusiyanın bundan sonra Qarabağda və Azərbaycan - Ermənistan sərhədlərində siyasətini bu yeni tezislərə uyğun quracağına şübhəniz olmasın.
Yəqin ki, Azərbaycan olaraq bizim də siyasətimiz bu yeni reallığa uyğun qurulacaq, qurulmalıdır...
Tahir TAĞIYEV