Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.
Erməni mediası bildirir ki, bu barədə Ermənistanın Baş naziri hökumətin iclasında danışıb.
Qeyd edək ki, bundan əvvəl görüş iyulun 21-nə nəzərdə tutulmuşdu. Sonradan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tədbirin planlaşdırıldığından əvvəl ola biləcəyi barədə xəbər verdi.
Bu görüşdən hansı yenilikləri gözləmək olar?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Brüsseldə İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir: “Görüş ayın 21-i olmalı idi. Ancaq görüşü bir az qabağa çəkdilər. Bu da onu göstərir ki, hansısa ciddi proseslər gedir. Bu proseslərə müxtəlif istiqamətdə yanaşmaq lazımdır. İlk növbədə qeyd etmək istəyirəm ki, İlham Əliyev də mesajlar verir ki, son vaxtlar Ermənistan tərəfdən ümidverici addımlar gözlənilir. Digər tərəfdən də, bu prosesin həll olunmasına dəstək verən ABŞ, Avropa İttifaqı daha çevik hərəkət etməyə çalışırlar. Onlar bütün vasitələrlə bu prosesə mane olan Rusiyanı kənarlaşdırmağa çalışırlar. Eyni zamanda Ermənistanı da fakt qarşısında qoyurlar. Ermənistan ya birdəfəlik Rusiyanın, ya da Qərbin tərəfində olmalıdır. Bilirsiz ki, dünən Blinkenin də Azərbaycan Prezidenti ilə telefon danısığı oldu. Blinken Azərbaycanla Ermənistanın sülh danışıqları məsələsində ABŞ-ın hər cür dəstək verəcəyini deyib. Nəzərə alaq ki, Türkiyənin dövlət başçısı Ərdoğan da 2025 - ci ildə Rusiyanın Qarabağdan çıxıb gedəcəyini bildirib. Böyük bir ümidlə məsələnin həll olunacağıni deyib. Ona görə də, hələlik görünməyən çox ciddi proseslər gedir. Bütün hallarda, mən erməni tərəfə inanmıram. Amma açıq görünür ki, bu son danışıqlardı. Əgər bu məsələdə Paşinyan yekun qərara gəlməsə, Azərbaycan mütləq antiterror əməliyyatı keçirəcək. Antiterror əməliyyatı keçirilərsə də, dünyanın buna reaksiyası çox normal olar. Belə olan halda da, Azərbaycan qoşunları yalnız Qarabağın içindəki separatçıları deyil, eyni zamanda Ermənistanın öz daxilində də çox ciddi əməliyyat keçirməli olacaq. Ona görə də, proseslərə ümidlə baxmaq lazımdır. Mən düşünürəm ki, bu görüş həlledici görüşdür. Azərbaycan Prezidenti bir məsələyə də toxunmuşdu və bildirmişdi ki, 2023 - cü il nizamnamə ilə bağlı son ildir. Bizim də son dövrlərdə köçlərimizin intensivliyini görürsüz. Hətta Laçına xeyli sayda köç oldu. 12 milyarda yaxın Qarabağa vəsait qoyuldu və bütün bu etdiklərimizi, insanlarımızın sağlamlığını təhlükəyə ata bilmərik. Bu məsələ konkret şəkildə həll olmalıdır. Yenə deyirəm, əgər Paşinyan son anda razılıq verməsə, qısa müddətdə antiterror əməliyyatı keçiriləcək və ermənilər də öz dövlətçiliklərini itirməklə üz - üzə qalacaq”.
Məhəmmədəli QƏRİBLİ