Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlaşım edərək, Qarabağdakı erməni icması içərisində olan bir faciəvi hadisədə rəsmi Bakını ittiham etməyə cəhd göstərib. Mirzoyan iki azyaşlı uşağın qətlinin guya “blokada” ilə bağlı olduğu kimi həyasız bir yalanı tirajlayıb. Bəs, əslində nə baş verib?
Hadisənin təfərrüatını araşdıran polis müəyyən edib ki, həmin gün saat 14:00-da ana uşaqlarını nəzarətsiz qoyaraq, Ağdərə şəhərindəki iş yerinə gedib. Ana 17:30-da geri qayıdıb və uşaqlarını tapa bilməyib.
Məlum olub ki, nəzarətsiz qalan uşaqlar Ağabəyalı kəndindən çıxaraq, Ağdərə şəhərinə gediblər (Ağabəyalı kəndi Ağdərə şəhərinin lap yaxınlığında yerləşir ). Nəzarət kameralarına baxış keçirilib və bütün istintaq hərəkətləri aparılıb. Uşaqlar gəzdikdən sonra özləri BMV markalı maşının qapısını açaraq içəri giriblər və orada yatıblar. Səhər tezdən isə onların meyitləri tapılıb.
İstintaq uşaqların ölüm səbəbi kimi maşında yüksək temperaturu göstərib. Yəni uşaqlar bağlı maşında yüksək temperatur və havasızlıqdan ölüb. Ancaq Ermənistan təbliğat maşını bunu “blokada” amili ilə izah etməyə çalışır. Bu hadisə Ermənistanın bu yöndə olan uğursuz cəhdinin ifşası sayıla bilərmi?
“World Panorama” araşdirmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağda gedən proseslərlə bağlı Azərbaycan üzərindən aktiv antikampaniya aparılır: “Xüsusilə də Fransa kimi böyük bir Avropa ölkəsinin Ermənistana verdiyi birmənalı dəstək erməniləri daha da cızığından çıxarıb. Eyni zamanda, son vaxtlar Zaxarovanın da verdiyi bəyanatlardan görürük ki, onlar da saxta erməni təbliğatına dəstək ifadə edirlər. Rusiya ikibaşlı oynayır. Bir tırəfdən deyir ki, Qarabağ Azərbaycanındır, digər tərəfdən isə “blokadanı” açmağı tələb edir. Hansı “blokada”dan söhbət gedə bilər? Belə bir şey yoxdur. Biz oradakı postu öz dövlət sərhədlərimizə nəzarət üçün yaratmışıq. Bu, bütün dövlətlərdə belədir. Hansısa ölkənin hüdudlarına daxil olursansa, səni mütləq yoxlamalıdırlar. Bununla ermənilətin dünyadakı havadarları ciddi manipulyasiya edir. Bəzən bu əsassız təbliğatı özləri ifşa etmiş olurlar. Sizin təqdim etdiyiniz mövzu buna bariz bir nümunədir. Hansısa ana öz diqqətsizliyi ucbatından övladlarının ölümünə səbəb olubsa, bunun bizimlə nə əlaqəsi var? Biz çox gözəl bilirik ki, ermənilərin yaşadıqları ərazilərdə yetərincə ərzaq var və mağazalarda satılır, restoranlarda müştəri əlindən yer olmur. Uşaqların səhlənkarlıq səbəbindən ölməsi halı bütün dünyada olur, o cümlədən bizdə. Bu, Ermənistanın növbəti ifşası anlamına gəlir. Buna görə də, biz məsələni tam həll etməliyik. Əks halda, ermənilər yenə də Qarabağda təxribat yaradacaq. Təcili şəkildə Azərbaycan Qarabağdakı ermənilərin yaşadığı ərazidə öz suverenitetini bərpa etməlidir”.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qarabağ bölgəsində ölən uşaqlarla bağlı paylaşımını şərh edərkən yazıb ki, Ermənistanın xarici işlər naziri rəsmi müstəvidə yalanlar yaydığı zaman faktların yoxlanması və miflərin üzə çıxarılması zəruridir.
H.Hacıyev qeyd edib ki, “yerli polis” valideynlərinin nəzarətsiz qoyduğu iki uşağın avtomobildə ehtiyatsızlıq və yüksək temperaturdan öldüyünü təsdiqləyib.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Mirzoyanın açıqlamaları ikiüzlülükdən başqa bir şey deyil. Belə ki, “Laçın” sərhəd-keçid məntəqəsinin təsvir olunan hadisə ilə heç bir əlaqəsi yoxdur:
“Ermənistanın xarici işlər naziri yəqin ki, “Laçın” sərhəd-keçid məntəqəsini xatırlatmaqla Qarabağda ərzaq qıtlığı olduğunu göstərməyə çalışır. Amma Xankəndidəki restoranlardan görüntülər bunun əksini göstərir”.
Məhəmmədəli QƏRİBLİ