Tehran rejiminin Azərbaycan türklərinə düşmənçiliyi və nifrət siyasəti o həddə çatıb ki, mollalar bizimlə bağlı nə varsa hamısını məhv etməyə çalışır. Antitürk mövqeyinin tüğyan etdiyi İran adlandırılan ölkədə mollalar illərdir ki, Urmiya (Urmu) gölünü tamamilə qurumağa çalışıb, deyəsən sonda bu çirkin niyyətlərini həyata keçirə biliblər.
Sosial şəbəkələrdə, xüsusən də ayrı-ayrı Telegram kanallarda yayılan məlumata və görüntülərə görə, Urmu gölü artıq həyatda deyil, tamamilə quruyub...
Qeyd olunur ki, isti yay günlərinin gəlməsi ilə Urmu gölünün qalan suyu da quruyub və bu göldən əsər-əlamət qalmayıb.
Bildirilir ki, Urmu gölünə axan çayların önündə 103 bənd tikilib, onlardan 72 -si aktiv fəaliyyətdədir. Urmu gölünü molla rejimi niyə qururdub? Məqsədi nədir?
“Urmu gölünün qurudulması projesinin həyata keçirilməsinin səbəblərindən biri kimi məhz bu amil göstərilir”
Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz "Bakı-Xəbər"ə şərhində bildirdi ki, molla rejimi Urmu gölünü qəsdən fəlakət ocağına çevirib: "Sosial mediada yazıldığı və yayılan peyk görüntülərdən də göründüyü kimi, Urmu gölü artıq son dərəcə kritik bir vəziyyətə gəlib və son nəfəsini verir. Bəlkə də yayın sonuna qədər tamamilə quruyacaq. Hazırda gölün 90 faizdən çox hissəsi quruyub. Təbii ki, Urmu gölünün qurumasında İran rejiminin iştirakı və təsiri faktdır. Bunu hər kəs qəbul edir ki, burada qəti və kəskin şəkildə insan faktoru var. Su qaynaqları yönətiminin, su idarəçiliyin nəticəsində bu ortaya çıxıb. Biz görürük ki, çox yaxın coğrafiyada yerləşən Van gölü və Ermənistanın içində qalan Göyçə gölündə heç bir ciddi dəyişiklik yoxdur. Halbuki, bunlar eyni coğrafi şərtlərdə yerləşən göllərdir. Van və Göyçə göllərində böhran hiss olunmur, amma Urmu gölünün vəziyyəti kritikdir. Urmu gölünün ətrafında çoxlu sayda bəndlər tikilib, suyun Urmu gölünə çatmasına maneə törədilir. Urmu gölünün xilas edilməsi üçün heç bir addım atılmayıb. Halbuki, görürük ki, İranın mərkəzində və Güneyində boyük həcmdə su layihələri gerçəkləşdirilir.
Bəsrə körfəzində, Omon dənizindən İranın mərkəz yerlərinə, hətta Xorasan türklərinə çox böyük sudaşıma layihələri həyata keçirilir. Bu da həcmcə Urmu gölündən daha böyükdür. İran dövləti onlara büdcə ayırır, İranın Mərkəzi çöllərinə və Xorasan çöllərinə su daşıyır, amma Urmu gölünü qurudur. Guya ayrılan büdcənin də hara xərcləndiyi bəlli deyil. Yəni guya Urmu gölünə büdcə ayrılıb, halbuki ortada heç bir vəsait yoxdur. Deyirlər ki, 23 dənə xilasetmə layihəsi varmış, amma heç biri sonuca çatmayıb. Sadəcə, bir tuneldə su gətirmə layihəsi olub ki, məlumata görə onun da heç bir təsiri yoxdur.
İran rejimi niyə bu gölü qurutmaq məqsədi güddü? Burada iki önəmli faktor önə çəkilir. Birinci faktor budur ki, deyilənə görə, Urmu gölünün altında çoxlu sayda mədənlər, yeraltı qaynaqlar var, nitriumdan, uraniumdan danışılır. Deyirlər bu qaynaqların olduğunu göstərən vacib işarətlər mövcuddur. Urmu gölünün qurudulması projesinin həyata keçirilməsinin səbəblərindən biri kimi məhz bu amil göstərilir. İkinci səbəbə gəlincə, Güney Azərbaycan milli-etnik məsələdir ki, Tehran rejimi oranı özünə çox ciddi təhlükə kimi görür və Urmu gölünü qurutmaqla soydaşlarımızı zorla köçüb başqa yerə getməyə məcur edir. Rejim soydaşlarımıza qarşı zorla köçə məcbur etmə siyasəti uyqulayır. Gölü qurutmaqla orada yaşayan türkləri İranın mərkəzinə doğru köç etməyə məcbur edirlər. Əlbəttə, bu da bizim üçün təəccübləndirici deyil, çünki bilirik ki, İran rejimi çox zaman Rusiyanın uyğuladığı siyasəti “koplayayıb” təkrar edir. Biz gölqurutma siyasətini Aral gölünün timsalında da görmüşük ki, ruslar Özbəkistan və Türkmənistan coğrafiyasına yerləşən Aral gölünü qurudub necə böyük faciəyə səbəb oldular. Yaxud rusların məcburi köç siyasətini xalqımızın həyatında dəfələrlə görmüşük. Hazırda İran dövləti Azərbaycan türklərinə qarşı eyni siyasəti yürüdür. Baxdığımız zaman rusların keçmişdə uyğuladığı bir çox siyasəti, o cümlədən də onların Qarabağda “erməni zolağı” yaratmaq siyasətini İran Qərbi Azərbaycanda təkrar edir, Azərbaycanı Xəzər dənizindən ayırmağa cəhd edir”-deyə bildirən müsahibimiz vurğuladı ki, farslar rusların xalqımıza qarşı etdiklərini hərfiyən təkrar edirlər. Onların yürütdüyü siyasəti uğursuz və talesiz adlandıran M.C.Araz təəssüflə deyir ki, İran bu siyasəti qeyri-farsların yaşadığı bölgələrdə tətbiq edir.
İradə SARIYEVA