“Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq”.
Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Ölkə başçısının sözlərinə görə, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb: “Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”.
“Müharibə bitsə də, hərbi və müdafiə xərclərinin artırılması zəruridir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, hər iki sahənin prioritet seçilməsi düzgün siyasətdir: “Üç ilə yaxındır ki, ərazilərimiz işğaldan azad edilib. Ən başlıca məsələ orada bərpa işlərini aparmaq və məcburi köçkünlərin yurdlarına qayıdışını sürətləndirməkdir. Çünki işğal dövründə ermənilər daşı-daş üstə qoymayıblar. Bütün yaşayış məntəqələri viran qoyulub. Ötən müddət ərzində nə böyük dövlətlər, nə də beynəlxalq təşkilatlar bərpa işləri ilə əlaqədar 1 dollar belə yardım ayırmayıblar. Halbuki, dağıntıların miqyası həddən artıq böyükdür. Əslində xarici yardımlar olsaydı, bərpa işlərinin miqyasını daha da genişləndirmək olardı. Nəticədə yaxın illər ərzində nəzərdə tutulduğundan çox məcburi köçkünün geri dönüşünü təmin etmək olardı. Əfsuslar olsun ki, beynəlxalq təşkilatları viran qoyulan yaşayış məntəqələrinin bərpası maraqlandırmır. Ukraynaya milyardlar ayıran böyük dövlətlər Qərabağın bərpasına yardımçı olmaq istəmirlər. Belə olan halda Azərbaycan məcburdur ki, öz imkanları hesabına bərpa işlərini sürətləndirsin. Bu səbəbdən ötən ay büdcəyə əlavə olaraq 1,8 milyard manat vəsait ayrılıb. Digər tərəfdən, müharibə bitsə də hərbi və müdafiə xərclərinin artırılması zəruridir. Dünyada beynəlxalq hüquq faktiki olaraq işləmir. Dövlətlərə qarşı təhdidlər artır. Geosiyasi mübarizə konteksində bu, daha qabarıq formada özünü göstərir. Biz nəzərə almalıyıq ki, Ermənistanda revanşist əhval-ruhiyyə aradan qalxmayıb. Sadəcə, onlar münasib situasiyanın yaranmağını gözləyirlər. Ona görə də biz ordumuzu daha da gücləndirməliyik ki, onların belə bir fürsəti olmasın. Böyük maliyyə olmadan güclü orduya sahib olmaq mümkünsüzdür. Bu, dünyada qəbul olunan qaydadır. Bu baxımdan müdafiə və hərbi potensialımızın gücləndirilməsi məqsədilə vəsaitlərin artırılmasına müsbət yanaşıram”.
Vidadi ORDAHALLI