“Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir?” Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy olayları ilə bağlı danışarkən deyib.
Ölkə başçısının sözlərinə görə, xariçi şirkətlərin sərmayə qoyması o demək deyil ki, təbiətimiz məhv olsun: “O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir? Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var?”.
Görünən odur ki, ölkədə məmur təşəbbüssüzlüyü problemi var, məmurlar passivdi. Gədəbəy hadisəsinin fonunuda gördük bunu.
Maraqlıdır, məmurların çoxu niyə passivdi, onlarda təşəbbüskarlıq niyə yoxdu?
“Ona görə ki, bəziləri işini yaxşı bilmir, peşə bacarığına görə yox, kiminsə adamı olduğu üçün qabağa çəkilir”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Burada müxtəlif səbəblər var. Səbəblərdən biri bürokratiya ilə bağlıdır ki, bunda da günahkar Nazirlər Kabinetidir. Hansısa nazir səlahiyyətinə aid olan məsələlərlə bağlı çevik addımlar atmır. Fikirləşir ki, baş nazir nə deyər, birdən buna mənfi reaksiya verər və s. Ona görə də gözləmə mövqeyində dayanır. Bir də məlum olur ki, iş-işdən keçib və daha biabırçı vəziyyət yaranıb. Bunun digər səbəbi məmur passivliyindən irəli gəlir. Əfsuslar olsun ki, bizdə məmurların əksəriyyətinin təşəbbüskarlıq səviyyəsi aşağıdır. Niyə? Ona görə ki, bəziləri işini yaxşı bilmir, peşə bacarığına görə yox, kiminsə adamı olduğu üçün qabağa çəkilir. Əlbəttə ki, belə məmurlardan hansısa yenilik, inqilabi xarakterli işgüzar fəallıq gözləməyə dəyməz. Nə yazıq ki, bizdə məmurların çoxu vəzifəyə qazanc mənbəyi kimi yanaşır. Nə qədər vəzifədədirlərsə, çalışırlar daha çox vəsait mənimsəsinlər. Sonra həmin vəsaitlə biznes qursunlar. O baxımdan inanmıram ki, ekologiya naziri Gədəbəydəki qanunsuzluqlardan xəbərsiz olub. Bu mümkün olan iş deyil. Bəlkə bunun müqabilində quruma rəhbərlik edənə haqq ödəyiblər? Hər halda bütün bunlar araşdırılmalıdır. Ekoloji normaların pozulmasında qeyri-rəsmi sövdələşmə elementlərinin baş vermə ehtimalı böyükdür. Meşələr qırılır, paytaxtın müxtəlif yerlərində tikinti məqsədi üçün yaşıllıqlar yox edilir. Ona görə də islahatlar aparılmalı, bürokratik sistem sadələşdirilməlidir. Təşəbbüskar və işini bilən məmurlara meydan verilməlidir. Yalnız sistemli və dərin islahatlardan sonra sözügedən problemlər öz həllini tapa bilər. Yoxsa problemlər qalacaq və məmurların fəaliyyəti belə də davam edəcək”.
Vidadi ORDAHALLI