“Bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik”.
Bu fikirləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.
Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasının təmin edildiyini söyləyən dövlət başçısı deyib: “İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”.
Ölkə başçısı bildirib ki, Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacaq:
"Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır", - deyən Prezident İlham Əliyev əlavə edib:
“Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik”.
Ölkə başçısının bu yöndə çıxışını şərh edən İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Laçında yeni inkişaf, quruculuq, bərpa və yenidənqurma dövrü başlayıb: “Otuz illik həsrətdən sonra laçınlılar yeni və modern üslubda inşa edilən doğma şəhərlərinə qayıdırlar və öz torpaqlarında əbədi yaşayacaqlar. Qeyd edək ki, düşmən tapdağından azad olunan Laçın şəhərində 10 ay əvvəl yenidənqurma, bərpa işləri başlayıb və sürətlə davam edir. Şəhərin küçə və meydanlarında, yaşayış məhəllələrində aparılan abadlıq işləri yenidən dirçəldilən Laçına xüsusi gözəllik, laçınlılara isə rahatlıq gətirir. Böyük Qayıdış proqramının mühüm tərkib hissələrindən biri olan Laçına ilk köç bu ilin may ayına təsadüf edib. Belə ki, Respublika Günü ərəfəsində 20 ailə 31 illik həsrətdən sonra doğma Laçın şəhərinə köçürülüb. Hazırda Laçın şəhərində ümumi sayı 222 nəfər olmaqla 57 ailə öz doğma evində yaşayır.
Qeyd edək ki, 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub. Beləliklə, "Böyük Qayıdış" proqramının icrasına başlandığı son bir ildə ümumi sayı 732 nəfər olmaqla 163 keçmiş məcburi köçkün ailəsinin doğma yurduna köçürülməsi təmin olunub. Ölkə başçısı nə söz veribsə, hamısı yerinə yetirilib. Onun bu vədi də baş titacaq. İlin sonuna kimi 5 yaşayış məntəqəsinə də köçürülmənin başa çatacağına şübhə etmirəm. Bu, planla aparılan bir prosesdir. Əminliklə demək olar ki, yaxın zamanda digər rayonlara da məskunlaşma tam yekunlaşacaq və vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar”.
Məhəmmədəli QƏRİBLİ