Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Gədəbəydə xarici şirkətin fəaliyyəti barədə ətraflı arayışın ona təqdim olunması gecikdirilir:
“…Gədəbəydə baş verən hadisə ilə bağlı. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir? Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bugünə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi. İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nəyi unutmuram”.
Ölkə başçısının tələb etdiyi ətraflı arayışın ona təqdim olunmasını kimlər və hansı səbəbdən gecikdirir?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının müşavirədəki çıxışı böyük maraq doğurdu və ciddi qarşılandı: “Ölkə başçısının bütövlükdə fikirlərini belə dəyərləndirə bilərəm ki, Prezidentə daxildə baş verən hadisələrlə bağlı yetərincə informasiya verilmir. Əsas məlumatlar Prezidentdən gizlədilir. Açıq-açığına əhali ilə Prezident arasında uçurum yaradırlar. Prezident özü etiraf edir ki, onun verdiyi tapşırıq lazımi şəkildə icra olunmayıb. Bu o deməkdir ki, bəzi kadrlar Prezidentə yalan danışmağa üstünlük verir. Əgər belə hallar varsa, onda həmin kadrlar orada qalmamalıdır. Bu çıxışdan sonra Prezidentin əsaslı tənqidinə tuş gələn bütün kadrlar postu ilə vidalaşmalıdır. Bundan böyük biabırçılıq ola bilməz. Bir məmurun Prezidentdən mühüm məlumatı gizlətməkdə hansı marağı ola bilər? Mən həm də belə nəticəyə gəldim ki, artıq Söyüdlüdə tulantılar üçün ikinci bir göl olmayacaq. Oradakı mədəni işlədən şirkət işində dönüş yaratmağa məcbur qalacaq. Əks halda, həmin şirkətlə bağlı Azərbaycan tərəfi ciddi tədbirlər görəcək. Bunun da şahidi olduq ki, Prezidentə həmin hadisə ilə bağlı yanlış məlumatlar verilib. Əhalini təxribata çəkənlər də hakimiyyətdəki qüvvələr ola bilər. Prezidenti aldadan qüvvə həmin kənddə də təxribat apara bilər. Belə adamlar polislə əhali arasında da gərginlikdə maraqlı ola bilər. Polisin müdafiəsi də anlaşılandır. Amma polisin bəzi davranışları da qəbuledilməzdir. Söhbət yaşlı adamların üzünə qaz sıxmaqdan gedir. Prezident dedi ki, orada baş verənləri malalayırlar. Bəzi məmurlar öz səriştəsizliyini ört-basdır etmək üçün belə rəy yaradıblar ki, baş verənləri kənar adamlar törədib. Mən bu fikirdəyəm ki, orada təxribat yarada biləcək adamlar yalnız məmur təbəqəsi ola bilər. Sıravi əhali və ya kəndə bağlı olan adamların belə bir gücdə olması inandırıcı görünmür. Prezident onlara bir həftə vaxt verib. Obyektiv araşdırma olsa, əsl həqiqət üzə çıxacaq”.
Məhəmmədəli QƏRİBLİ