“Azov” komandirləri ilə bağlı qərar Rusiyada Türkiyəyə qarşı olan siyasiləri it sürüsü kimi hərəkətə gətirib.
Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri, senator Viktor Bondarev deyib ki, “Azov” alayının komandirlərini Ukraynaya verən Türkiyə neytral ölkədən Rusiya üçün dost olmayan ölkəyə çevrilib: “Türkiyə buna qəsdən məhəl qoymadı, üstəlik, Ukraynanın NATO-ya qəbulunun sürətləndirilməsini və Ukraynada pilotsuz uçan aparatlar zavodunun tikintisini müdafiə etdi”.
Bondarev hesab edir ki, Ankaranı bu addımı atmağa Şimali Atlantika Alyansının təzyiqləri, eləcə də taxıl müqaviləsinə faktiki xitam verilməsi vadar edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlədən Bondarev deyib ki, o əvvəllər də impulsiv qərarlar verib: “İŞİD ilə flört edib, Rusiya təyyarələrinin vurulmasına təsir göstərib, Ukraynaya pilotsuz təyyarələr verib, türkdilli xalqları Böyük Turan yaratmaq üçün qızışdırıb”.
“Türkiyə öz siyasi kursunu Rusiyanın maraqları konteksində qurmur və bu səbəbdən Bondarevin dedikləri sadəcə yersizdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyə-Rusiya əlaqələri “Azov” komandirlərinə görə pisləşməyəcək: “Çünki bunu bir sıra məsələlər şərtləndirir. Məsələ ondadır ki, Rusiyanın Türkiyəyə ehtiyacı var. Siyasi-iqtisadi əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Türkiyə Rusiya üçün enerji bazarıdır. Sanksiyalar altında olan Rusiya Türkiyəyə böyük həcmdə qaz ixrac edir. Türkiyənin özü də Rusiya ilə əlaqələri korlamaq fikrində deyil. Sadəcə, Ərdoğan Türkiyənin milli maraqlarından çıxış edərək bu qərarı verib. Yəni İsveçin NATO-ya üzv olmasına Türkiyənin veto qoyması Rusiya ilə bağlı olan məsələ deyil. “Azov” komandirləri ilə bağlı qərar daha çox buna hesablanıb. Türkiyə göstərdi ki, müstəqil siyasət yeridir. Beş hərbçiyə görə iki ölkə münasibətləri pisləşməz. Viktor Bondarev başda olmaqla, bəzi siyasilər, media orqanları hər zaman Türkiyəyə qarşı düşmən mövqedən çıxış ediblər. İndi onlar yaranmış vəziyyəti bir fürsət bilib daha kəskin mövqe sərgiləsələr də, bu nəyisə dəyişə bilməyəcək. İki ölkə ortaq məxrəcə gələcək. Çünki Rusiya Türkiyə ilə strateji tərəfdaşlığı qorumaq məcburiyyətindədir. Həmçinin Türkiyə bir NATO ölkəsidir və qərarları bir sıra müttəfiqlərinin maraqlarına uyğun qəbul edir. Türkiyə öz siyasi kursunu Rusiyanın maraqları konteksində qurmur və bu səbəbdən Bondarevin dedikləri sadəcə yersizdir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Suriyada son vaxtlar bəzi öhdəliklərinə əməl etmir. İdlib ətrafında artan manevrlər Türkiyənin maraqlarına toxunur. Hesab edirəm ki, bu amilin də “Azov” komandirləri məsələsində məlum qərarın verilməsində rolu olub. Ümumiyyətlə, proseslər sürətlə inkişaf edir və yeni nizam yaranır. Türkiyə də yeni mərhələyə uyğun olaraq siyasət yeridir. Daha dəqiq desək, NATO-dakı ənənəvi müttəfiqləri ilə birlikdə hərəkət edir”.
Vidadi ORDAHALLI