“Gallup International Association” təşkilatının sorğusunda iştirak edən Ermənistan sakinlərinin 35 faizi Qarabağdakı vəziyyətə və orada yaranmış böhrana görə Ermənistan hökumətini günahlandırır.
Məlum olub ki, bu, əvvəlki göstəricilərdən daha çoxdur: “Əgər ilin əvvəlində respondentlərin 29 faizi Qarabağdakı vəziyyətə və orada yaranmış böhrana görə Ermənistan hökumətini günahlandırırdısa, indi bu rəqəm 35 faizdir”. Respondentlərin 77 faizdən çoxu Azərbaycanın hərbi əməliyyat həyata keçirməsini mümkün hesab edib. Təşkilat insanlardan hərbi əməliyyatlar zamanı Ermənistanın hansı ölkələrdən hərbi və siyasi yardım ala biləcəyini də soruşub: “Burada daha iki dövrün məlumatlarını təqdim etdik və kifayət qədər kəskin dəyişikliklər var. Yanvarda eyforiya olubsa və 34,2 faiz Fransanın bizə kömək edəcəyini deyirdisə, indi dəyişiklik olub. Əvvəl 30 faiz Rusiyanı qeyd etmişdisə, indi 19,5 faiz Rusiyanı qeyd edib. Əvvəl 40,1 İranı qeyd etmişdisə, indi 18,6 faiz qeyd edir. ABŞ ilə bağlı göstərici əvvəl 27,8 faiz idisə, indi 11,5 faizdir. Hindistan əvvəl 25,6 faiz idisə, indi 6,8 faizdir”.
“Ötən 3 il ərzində gördülər ki, nə ABŞ, nə də Rusiya ilə Fransa ermənilərin yerinə gəlib döyüşəndir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, məlum sorğunun nəticələri çox ciddi məsələlərdən xəbər verir: “Əvvəla, Ermənistan cəmiyyəti Qarabağ separatçılarından bezib. Çünki Qarabağ Ermənistan üçün böyük bir yükdür və onlar bundan xilas olmaq istəyirlər. Erməni təbliğatı nə qədər bunu gizlətsə də reallıq budur. Üstəlik, sadə ermənilər gördülər ki, Qarabağın 30 il işğal altında saxlanılması onlara xoşbəxtlik gətirmədi. Digər tərəfdən, şanlı Vətən müharibəsinin nəticələri və ondan sonrakı dövr bir sıra stereotipləri yox etdi. Müharibəyə qədər ermənilər hesab edirdilər ki, Azərbaycan güc yoluna əl atmağa cəsarət etməyəcək. Bunu onunla əlaqələndirirdilər ki, böyük güclər buna imkan verməyəcək. Ancaq uzun fasilədən sonra bu baş verdi və Azərbaycan hərb meydanında öz sözünü dedi. Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra hesab edirdilər ki, Moskva amilinə görə Azərbaycan lokal əməliyyat keçirməyə cəsarət etməz. Bu proqnoz da özünü doğrultmadı. Ordumuz Qarabağda bir sıra strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdi. Ən nəhayət, Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurması nəinki ermənilər, onların havadarları arasında belə şok yaratdı. Ermənilər gördülər ki, sonuncu nəfəslik də nəzarətə götürüldü. Ötən 3 il ərzində gördülər ki, nə ABŞ, nə də Rusiya ilə Fransa ermənilərin yerində gəlib döyüşəndir. Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirmək ehtimalı yüksəkdir. Bu barədə erməni mətbuatında, xüsusən də sosial şəbəkələrdə yazılar artdığına görə, sorğu iştirakçılarının 77 faizi bunu real hesab edir. Çünki Ermənistan Qarabağdakı silahlı birləşmələrini oradan çıxarmadıqca, bu haçansa baş verəcək. Ona görə də qarşı tərəf təşviş içindədir”.
Vidadi ORDAHALLI