Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto özünün feysbuk səhifəsində paylaşım edib. Macarıstan XİN rəhbəri paylaşımında bəyan edib ki, Azərbaycan Macarıstan üçün strateji tərəfdaşdır, burada macar şirkətlərinin fəaliyyəti üçün gözəl şərait yaradılıb. “Qlobal iqtisadi çətinliklərə baxmayaraq, son illər Macarıstanın ixrac göstəriciləri gözəl nəticələr nümayiş etdirib. İxracımız dünya reytinqində 34-cü yerdədir, baxmayaraq ki, əhalinin sayına görə biz 95-ci yerdəyik.
Ötən dövrün çətin iqtisadi şəraiti aydın göstərib ki, bir çox hallarda ixracın artmasına məhsulun çatdırıldığı ölkədə istehsalın qurulması yolu ilə nail olmaq olar. Azərbaycan belə hədəf ölkələrdən biridir, bizim strateji tərəfdaşımızdır, bizim onunla münasibətlərimiz qarşılıqlı hörmət əsasında qurulub. Buna görə də burada macar şirkətlərinin fəaliyyəti üçün həmişə gözəl şərait yaradılır”.
Mətləb Salahov